"Bunlar hər yerdə kütləvi surətdə satılır, heç kim də reaksiya vermir" - Ekspertdən ETİRAZ

 15:51 30.10.2024     550

Yağış mövsümünün gəlməsilə göbələk istehlakı çoxalıb. Ancaq məlumdur ki, bu qidanın zəhərli növləri də var. Elə dünən Xaçmazda meşədən göbələk yığıb, yeyən iki nəfər vəfat edib.

Bəs bu zəhərlənmələrin qarşısını almaq üçün nə etmək lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, düzgün satış və istifadə edilmədiyi halda zəhərsiz göbələk belə insan həyatı üçün təhlükəli ola bilər.

"Ümumiyyətlə, göbələklə bağlı zəhərlənmə halları artıq intensiv hal alıb. Yol kənarlarında satılan göbələklərin hansı şəraitdə satılması, yığılması və bunu zəhərli göbələkdən ayırd edə bilməmək bədbəxt hadisələrə yol açır. İkinci bir tərəfdən bu günləri "şampinyon"la "amanita"nı qarışdırırlar. "Amanita"ya el arasında solğun əzvay deyilir. Həmin o göbələyin bir hissəsini belə yemək ölümə gətirib çıxarda bilən hadisələrlə nəticələnir. Yeməli göbələyin özü belə əlverişsiz şəraitdə saxlanılması, bitməsi, xüsusilə də yol kənarlarında avtomobillərdən çıxan yanmamış qazları özünə çəkib toksik maddəni özünə çəkməsi göbələyi zəhərli qidaya çevirə bilər. Onların əlverişsiz şəraitdə saxlanılması insanlar üçün ən böyük təhlükə mənbəyidir. Təəssüflər olsun ki, insanlar müxtəlif fikirlər səsləndirirlər ki, göbələkləri gözlə, dadı ilə ayırd etmək mümkündür. Bunların heç biri mümkün olan bir məsələ deyil".

Qida ekspertinin sözlərinə görə, zəhərlənmələrin qarşısını almaq üçün bu məhsuldan yemək hazırlanan yerlərdə nəzarət-yoxlama işləri aparılmalıdır.

"Problemlərdən biri də kafe və restoranlarda məhsulların düzgün saxlanılmamasıdır. Belə yerlərdə monitorinq təşkil edilməlidir. Mən bunu dəfələrlə deyirəm. Lakin nədənsə AQTA-nın nümayəndələri və yaxud aidiyyəti qurumlar bunu bir balaca gözlədirlər. Bu günləri ən azından kafelərin, restoranların belə mətbəxlərinə, onların saxlama yerlərinə monitorinqlər təşkil olunsa, baxıb görərlər ki, göbələkdən hazırlanan yeməklər və yaxud salatlar hansı şəraitdə saxlanılıb. Biz məsələni kökündən həll etmək yox, yalnız və yalnız məsələnin seçimini müzakirə edirik. Hansı göbələk yeməlidir? Hansı göbələk yeməli deyil? Bunu necə ayırd edə bilər? Bu günləri yol kənarlarında, bazarların qarşısında, insanların sıx toplaşdığı yerdə bu göbələklər kütləvi surətdə satılır. Məsələ nədir? Məsələ odur ki, heç kim də reaksiya vermir. Buna görə ən azından maarifləndirici söhbətlər aparılsın. Heç olmasa bu baxımdan bir balaca insanların həyatını sığortalamış olarıq", - deyə İlkin Şirinov qeyd etdi.

Türkan İSGƏNDƏRLİ