"Evlilik bərabər olmaq demək deyil" - Tanınmış psixoloq

 14:45 15.11.2024     8041

"Hazırdakı dövrdə gənclər bir-birlərini tanımadan, hansı düşüncələrə sahib olduğunu və evləndikdən sonra hansı mübarizələri verəcəkləri, yanlarında olub-olmadıqlarını bilmədən ailə qururlar. Təəssüflər olsun ki, onlar anlamırlar ki, evlilik bərabər olmaq demək deyil. Bu yolda bərabər addımlamaq önəmlidir".

Bu sözləri Redaktor.az-a açıqlamasında psixoloq Nabat Mirzəyeva evlilikdə maddi yükün problemlərini şərh edərkən deyib.  Onun sözlərinə görə, gənclər evlilik qərarı alarkən, gələcəyi nəzərə almırlar.

"Həmin cütlüklər öz aralarında ünsiyyətə keçmirlər və bir-birini tam tanımadan hər şeyi gözə alırlar. "Maddiyyat önəmli deyil, əsas biz bir yerdə olaq",- deyə düşündükləri üçün evlənirlər və bu da çox davam etmir. Bunları nəzərə alıb evlənirsənsə, artıq bunun davası, mübarizəsi getməməlidir. Bu səbəbdən evlilikdən öncə müəyyən danışıqlar mütləq aparılmalıdır. Məsələn, maddi durum ev, uşaq, öz xərclərini ödəyə biləcək? 

Burada iki nəfərin fikri vacibdir. Çünki iki insan onlar artıq bir damın altına girir. Bu, nişanlı, sevgili dönəmindəki kimi olmur. Artıq övlad dünyaya gəlir və övladın yükü yaranır. Maddi imkan çatmayanda istər-istəməz artıq söhbətlər qalxmağa başlayır. Təbii ki, bununla bərabər bəylərimizlə çalışan xanımlarımız da var. Hər ikisi bərabər mücadilə verib çalışırlar. Ancaq çox vaxt xanımlar övladlarına baxdığı üçün bəylərimiz daha çox bunun yükünü çəkirlər. Bunu bacarmayan, məsuliyyət daşıya bilməyən gənclərin sonu boşanmaya gətirib, çıxarır".

Psixoloq qeyd etdi ki, cütlüklər evlənmədən öncə mütləq dərəcədə ailə psixoloquna müraciət etməlidirlər.

"Onlar evlilik müddətində hansı yollardan keçəcəklər, bir-birlərini nə dərəcədə tanıyırlar kimi suallara cavab tapmalıdırlar. Çünki evlənmədən öncə onlar düşünürlər ki, hər şeyin öhdəsindən gələ bilərik. Ancaq evlilik dönəmində baş verən sıxıntılar nəticəsində zaman keçdikcə görürlər ki, vəziyyət əslində heç də o deyil. Gənclər bir-birini tanımalıdır, maddi durumlarını bilməlidir, ona uyğun evlənməlidir. Çünki ailə kiçik bir dövlətdir və o getdikcə qollanır, şaxələnir övladlar dünyaya gəlir. Ona görə evlənmədən öncə danışılmalı bir-birlərini anlamalı, lazım olarsa, o ailə dağılmadan, ayrılmalıdırlar".

Türkan İSGƏNDƏRLİ