"Buna gücü çatmayan vətəndaş meyiti yandırmalıdır?" - İlahiyyatçı qəbir yeri satanların əməlini ifşa ETDİ
"Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə qəbir yeri üçün qiymət, rüsum nəzərdə tutulmayıb. Ancaq əsasən paytaxtda baha qiymətlərə qəbir yerləri satılır. Hətta bunun alveri ilə məşğul olanlar var. Bələdiyyələr ya bu alverin içindədir ya da göz yumurlar. Qəbir satanlar bəhanə edir ki, vətəndaş rayon qeydiyyatındadır, aparsın ölüsünü öz rayonunda dəfn etsin ya da pul verib buradan alsın. Naçar qalan vətəndaş da pulla qəbir yeri alır".
Bu sözləri Redaktor.az-a ilahiyyatçı Tural İrfan qəbirlər yerlərinin satılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, hər bir vətəndaşın pulsuz dəfn edilmə hüququ var.
"Hər bir vətəndaşın yaşamaq haqqı olduğu kimi, eyni zamanda öləndə öz vətənində dəfn olunmaq haqqı da var, özü də pulsuz. Tutaq ki, birinin pulu yoxdur, nə etməlidir? Ölünü yandırıb külünü Xəzərə səpməlidir? Yandırmaq üçün də yerlər nəzərdə tutulmayıb axı. Yəni, vətəndaşı dalana dirəmək, çarəsiz qoymaq olmaz. Ümumiyyətlə məzarlıqlarda həddən artıq problem çoxdur. Xaotik vəziyyətdir. Kimin pulu var, vəzifəsi varsa lap əla yerdən, özü də böyük ərazi zəbt edir, yaxud aidiyyəti qurum ona qəbir yerlərini peşkəş edir. Kimin də pulu yuxdur ona künc-bucaqda balaca bir yer verirlər özü də pulla. Bu, isə yolverilməzdir. Bu məsələ ilə bağlı ya qanunda boşluq var, ya da icrasına nəzarət olunmur. Kimin kefi necə istəyir elə də qəbir daşı qoyur, məqbərə tikir, böyük əraziləri zəbt edir. Hərə öz yaxının məzarına hasarlar çəkir ki, bu da kifayət qədər ərazini hədər edir".
İlahiyyatçının sözlərinə görə, hər bir qəbiristanlığın ümumi hasarı olmalıdır.
"Məzarlığın ümumi bir hasarı olmalıdır, vəssalam. Yoxsa hərə öz qəbrinə hasar niyə çəkir? Hansı təhlükə var ki? Bir qədər mərkəzi yerlərdə qəbir yerləri həddən artıq bahadır. Qəbir alveri böyük bir inhisara, biznes sahəsinə çevrilib. Məzarlar sıra ilə olmalıdır, onların xəritəsi olmalıdır. Standart daşlar olmalıdır. Pərakəndə şəkildə olmaz. Bunu da tənzimləyən qurumlar düz işləməlidir. Qəbir yeri satmaq haram və böyük günahdır. Böyük yerləri də zəbt etmək həmçinin. Başqasına yer saxlamadan varlı məmurlar öz nəsli-nəcabəti üçün böyük yürləri alıb bron edirlər. Belə olmaz".
Türkan İSGƏNDƏRLİ