"Hibrid iş rejiminin tətbiqi həm işçiyə, həm də işəgötürənə sərfəli olar" - Sosioloq
"Hibrid iş rejimi təcrübəsini ölkəmizdə koronavirus pandemiyası dövründə yaşadıq. Bir çoxumuz mövcud qadağalara əsasən evdən işləmək imkanı əldə etdik və işimizdə bir axsaqlıq olmadı. Çünki bu gün informasiya texnologiyaları əsridir. Hər cür texnoloji imkandan yararlana bilirik".
Bu barədə Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı Azərbaycanda bir sıra sahələrdə hibrid iş modelinə keçidin mümkünlüyü barədə suala cavab verərəkən bildirdi.
Onun sözlərinə görə, əksəriyyətimizin işi internetlə, kompüterlə olur:
"Əgər üzbəsurət xidmət sektoru deyilsə, birbaşa əlaqə ehtiva edən yeni iş deyilsə, evdən və ya ofisdən işləməyimizin heç bir əhəmiyyəti yoxdur. Məkanın fərqi ola bilər, əsas iş yükünün məsuliyyətidir və o məsuliyyəti fərqində olandan sonra harada işləməyindən asılı olmayaraq, öhdəliyini yerinə yetirirsən".
Lalə Mehralının fikrincə, bu rejim tətbiq olunarsa, həm işçiyə, həm də işəgötürənə sərfəli olar:
"Hərçənd ki, hazırda bu sistemlə işləyən iş yerləri var və bu rejim sərfəlidir. İşəgötürən üçün ona görə sərfəlidir ki, əlavə olaraq nahar vermək kimi bir öhdəliyi varsa, işçini maaşdan əlavə yol pulu ilə təmin edirsə, bu xərclərdən azad olur. İşçi də əgər öz maaşından, öz gəlirindən bu xərcləri ödəməlidirsə, bundan azad olur. Dolayısı ilə alan razı, satan razı prinsipidir. Ofisə getmirsə, üstəlik körpə uşaqlıdırsa, baxıma möhtac ailə üzvü varsa, fiziki məhdudiyyətlidirsə, - bütün hallarda işin gedişatına bir zərəri yoxdursa, evdən və ya işdən işləməyin heç bir əhəmiyyəti olmamalıdır".
Sevinc İBRAHİMZADƏ