"Gələn ildə kirayə mənzillərin qiymətində artım davam edəcək" - Ekspert
Yeni ilin gəlişi ilə bir çox sahədə qiymət dəyişikliyi müşahidə olunur və kirayə evlər də istisna deyil. Xüsusilə şəhər mərkəzlərində kirayə qiymətlərində artımın baş verəcəyi gözlənilir.
Bəs paytatda kirayə evlərin qiyməti nə qədər arta bilər?
Mövzu ilə əlaqədar əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Redaktor.az-a açıqlamasında bildirdi ki, kirayə mənzillərin qiymətinin artımı gələn il də davam edəcək, anaq indidən gələn il üzrə qiymət artımının neçə faiz təşkil edəcəyini söyləmək bir qədər çətindir:
"Çünki müəyyən iqtisadi təsirlərlə yanaşı, bəzi inzibati təsirlərin də bazarda qiymət dəyişməsinə əhəmiyyətli təsiri olur. Məsələn, hazırda Bakı şəhərinin Baş Planının icrası çərçivəsində şəhərinin mərkəzində və ətraf ərazilərdə çox ciddi infrastruktur layihələrinin icrası həyata keçirilir və bu layihələr zamanı müəyyən mənada kirayə mənzil bazarı üçün tələb formalaşdıran amillər var. Misal üçün "Kubinka"nın sökülməsi nəticəsində həyata keçirilən pilot layihənin icrası nəticəsində "Kubinka"da evlərindən köçürülən və gələcəkdə evlə təmin olunacaq ailələrin bir hissəsi - təxminən 200-5000 və bəzən daha çox ailənin kirayə mənzil bazarına çıxışı, inteqrasiyası baş verir. Nəticədə kirayə mənzil bazarında il yarımlıq, yaxud iki illik tələb formalaşır ki, bu da qiymət artımına təsir göstərir".
Ekspert qeyd etdi ki, əmlak qiymətləri ilbəil bahalaşır:
"Eyni zamanda həmin ərazilər söküntüyə məruz qaldıqca, ümumiyyətlə köhnə yaşayış fondu söküldükcə, yeni yaşayış fondları meydana gəlir. Yeni tikililərdə isə kirayə qiymətləri təbii ki, köhnə tikililərdəki səviyyəsində olmur, daha yuxarı olur. Bu da bir tərəfdən qiymətə təsir göstərir. Nəticə etibarilə kirayə evlərin qiymətində artım müşahidə edilir. Kirayə mənzilə olan tələbin yüksək olması, təklif portfelinin isə müəyyən mənada azalması qiymət artımına gətirib çıxarır. Bu da iqtisadi təsirdir. Təbii ki, bütün bu səbəblər hamısı kirayə mənzil bazarı üçün qiymətlərin artımını şərtləndirən amillərdir. Ona görə də hesab edirəm ki, gələn ildə kirayə mənzillərin qiymətində artım davam edəcək".
Sevinc İBRAHİMZADƏ