Pensiya və əməkhaqqı artımı vətəndaşların rifahını hədəfləyir - Jalə Əliyeva

 16:25 26.12.2024     130

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatlar Azərbaycanın sosial dövlət prinsipinə əsaslandığını əyani şəkildə nümayiş etdirir. 2018-2024-cü illərdə icra olunan 4 sosial islahat paketi ölkədə 4 milyondan çox insanı əhatə edib və bu tədbirlər nəticəsində minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə əhəmiyyətli artımlar qeydə alınıb".

Bu fikirləri Redaktor.az-a deputat Jalə Əliyeva pensiya və əmək haqlarının artırılmasını şərh edərkən dedi. Onun sözlərinə görə, ölkə başçısının 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən minimum əməkhaqqının 400 manata, minimum pensiyanın isə 320 manata çatdırılması nəzərdə tutulur.

"Bu artımlar nəticəsində minimum əməkhaqqı 2018-ci ildən bəri 3,1 dəfə, minimum pensiya isə 3 dəfəyə qədər artıb. Sosial müdafiə tədbirləri yalnız maaşların və pensiyaların artırılması ilə məhdudlaşmır. Yeni Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə maaşların yenidən nəzərdən keçirilməsi, eləcə də Vahid Tarif Cədvəli üzrə artımların tətbiqi planlaşdırılır. Bu, ümumilikdə 3 milyon insanın sosial rifahını yaxşılaşdıracaq və dövlət tərəfindən əlavə 1,4 milyard manat vəsait ayrılacaq".

Deputat qeyd etdi ki, bütün bu tədbirlər Prezident İlham Əliyevin siyasətində vətəndaş rifahının təminatının əsas prioritet olduğunu bir daha sübut edir.

"Bu, vətəndaşların yalnız maddi təminatının deyil, eyni zamanda məşğulluq səviyyəsinin yüksəlməsinə, əmək bazarının şəffaflaşmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir. Bütün bu sadaladıqlarımız Azərbaycanda insan amilini, vətəndaşların rifahını hədəfləyir. Bu da Prezident İlham Əliyevin rəhbərliyi və müəllifliyi ilə həyata keçirilən dövlət siyasətinin bariz nümunəsidir", - deyə Jalə Əliyeva bildirdi.

Türkan İSGƏNDƏRLİ