Dövlət qulluqçularının aylıq vəzifə maaşları artırıldı - MƏBLƏĞ

 12:46 27.12.2024     1060

Nazirlər Kabineti "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 28 sentyabr 2004-cü il tarixli qərarında dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2025-ci il yanvarın 1-dən artırılıb.

Belə ki, maaşlar ali kateqoriya dövlət orqanları üzrə 400 manatdan 460 manata, 1-ci kateqoriya dövlət orqanları üzrə 385 manatdan 445 manata, 2-ci və 3-cü kateqoriya dövlət orqanları üzrə 365 manatdan 425 manata, 4-cü və 5-ci kateqoriya dövlət orqanları üzrə isə 345 manatdan 400 manata çatdırılıb.

Aylıq vəzifə maaşlarının məbləğləri müəyyən edilən işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanları üzrə həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.