MİDA-da qiymətlər tikinti şirkətləri tərəfindən satılan mənzillərdən 20-25 faiz aşağıdır - Ekspert

 16:21 09.01.2025     264

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanda aztəminatlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atır. Belə ki, agentlik yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, MİDA-nın əsas məqsədi sosial mənzillər inşa etməklə müxtəlif sosial qrupların mənzil şəraitini yaxşılaşdırmaqdır.   

"Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa olunan mənzillər ölkədə həssas kateqoriyaya aid aztəminatlı adətən ailələrin yaşayış vəziyyətini yaxşılaşdırmaqdan ötrüdür. Analoqu Koreyadan götürülüb. Əslində, inkişafda olan və kapitalist ölkələrin bəzilərində bu kimi agentliklər, qurumlar mövcuddur və Azərbaycanda da bu proses həyata keçirilir. Burada dövlət qulluqçusu, hərbçi, polis, müəllim və digər dövlət qulluğuna aid olan şəxslər bu imtiyazlardan istifadə edə bilərlər. Bakı şəhərində - Hövsan və Yeni Yasamal ərazisində iki kompleks nəzərdə tutulub. Dövlət ehtiyacları üçün dövlət tərəfindən bu torpaqlar təmin olunub. Agentlik burada mənzillər tikir".

Ekspertin sözlərinə görə, böyük şəhərlərdə, xüsusilə Bakı, Sumqayıt və Gəncə kimi ərazilərdə sosial mənzillərə olan tələbat yüksəkdir:

"Sosial mənzillərə müraciət edən vətəndaşlar öncə "ASAN xidmət" mərkəzləri vasitəsilə qeydiyyatdan keçməli və onlayn kabinet yaratmalıdırlar. Bu kabinet vasitəsilə onlar püşkatma prosesində iştirak edirlər. Mənzillərin sahibləri təsadüfi seçim yolu ilə müəyyən edilir. Bu, bəlli bir mexanizmdir. Böyük şəhərlərdə tələbat çox olduğundan Bakı, Sumqayıt, Gəncə şəhərlərində hazırda MİDA tərəfindən mənzillər inşa olunur. Mənzillər təmirli şəkildə verilir və onların qiyməti qiyməti orta hesabla yəni ki, tikinti şirkətləri tərəfindən satılan mənzillərdən fərqli olaraq, 20-25 faiz və daha aşağıdır".

Türkan İSGƏNDƏRLİ