"Uşaqpulu və digər sosial vasitələr uşaq sayını artırmaq üçün effektiv həll yolu deyil" - Humay Axundzadə
Ailə modeli hər bir cəmiyyətin mədəni, sosial və iqtisadi xüsusiyyətlərinə görə formalaşır. Zamanla bu model dəyişərək cəmiyyətin ehtiyac və dəyərlərinə uyğunlaşır. Ölkəmizdə də son illər ailə strukturlarında müəyyən yeniliklər müşahidə olunur. Bunlardan biri də ailədə uşaq sayının azalmasıdır. Keçmiş dövrə nisbətən indi bir çox ailələr bir və ya iki uşağa üstünlük verir.
Bəs çoxuşaqlıdan azuşaqlıya keçidə səbəb nədir və bu hal necə dəyərləndirilir?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, cəmiyyətlər müasirləşdikcə ailə institutu da dəyişir:
"Hər bir dövr üçün həmin dövrə xas onun bir sıra cəhətlərini özündə əks etdirən ailə quruluşu səciyyəvidir. Bu və ya digər ailələrdə uşaq sayı heç də təsadüfi qərarların nəticəsi deyil. Ümumiyyətlə, qeyd edək ki, cəmiyyətlər müasirləşdikcə, ailə institutu da dəyişir və çoxuşaqlı ailə modeli keçmişdə qalır. Bəzən ailədə uşaq sayının azalmasını yalnız və yalnız iqtisadi amillərlə əlaqələndirirlər. Bəzən ictimai müzakirələrdə elə fikir səslənir ki, sanki uşaqpulu kimi vasitələrlə ailələrdə övlad sayının artırılmasına nail olmaq olar. Lakin ailə quruluşu heç də bu kimi tədbirlərin nəticəsində dəyişən bir quruluş deyil".
Onun sözlərinə görə, ailə modelinin dəyişməsi uzun tarixi prosesin və cəmiyyət daxilində baş verən kompleks dəyişikliklərin nəticəsidir.
"Bu proseslərdə insanların valideynliyə verdikləri tələblər, övlad qayğısının nə demək olmasını zaman-zaman dəyişməsi, demoqrafik dəyişikliklər, bu və ya digər cəmiyyətdə müəyyən yaşda olan insanların artıb-azalması, nigaha girmə yaşı, qadınların təhsil və karyera sahəsində fəallığı və bir sıra digər demoqrafik proseslər ailədə uşaq sayının dəyişməsinə gətirib çıxarır. Ümumiyyətlə, əgər biz orta statistik azərbaycanlının ideal ailə modelinə baxsaq, əksəriyyətində bu model iki uşaqdan daha çoxunu nəzərdə tutmur. Burada hansısa bir neqativ məna və yaxud nəticə axtarmaq lüzumsuzdur. Çünki əgər əvvəlki dövrlərdə bir övladı böyütmək üçün ideallar başqa idisə, - məsələn, onun qidalanması və təhlükəsizliyi yetərli idisə, - indi özünü təsir səviyyəsindən asılı olmayaraq, əksər valideynlər qarşılarına daha böyük standartlar qoyur", - deyə sektor müdiri bildirdi.
Humay Axunzadənin fikrincə, uşaqpulu və digər sosial vasitələr uşaq sayını artırmaq üçün effektiv həll yolu deyil:
"Bu, əslində pis deyil. Yəni bir övladı və ya iki övladı gələcəkdə əmək bazarında rəqabət qabiliyyətinə malik olan fərd kimi yetişdirmək üçün valideynlərin daha çox resurs sərf etməyə ehtiyacı yaranır. Bu da təbii ki, onların övlad sayı ilə bağlı olan qərarlarına öz təsirini göstərir. Eyni zamanda bizdə nuklear (sadə) ailələr artır, yəni yalnız valideynlər və övladlardan ibarət olan ailə quruluşu artır. Bu da ona gətirib çıxarır ki, uşağa qayğının təşkili çətinləşir. Ona görə bu baxımdan mən hesab edirəm ki, əvvəlki dövrlərdə olan ailə quruluşunu bərpa etməyə can atmaq lüzumsuz və eyni zamanda qeyri-effektivdir. Yəni burada dövlət və yaxud da ki, digər sosial aktorlardan hansısa gözləntilər düzgün deyil. Çünki belə bir ailə quruluşunun müasir dövrdə bərqərar olması dövrün tələbi, bir zərurətdir və öz-özlüyündə neqativ hal kimi qiymətləndirilə bilməz".
Türkan İSGƏNDƏRLİ
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" mövzusunda dərc olunub.