Depressiv paylaşımlar etməyin - Psixoloqdan ÇAĞIRIŞ

 17:13 14.01.2025     99

"Özünəqəsd müxtəlif səbəblərdən ola bilər - başqasını cəzalandırmaq üçün, mənəvi olaraq hiss etdiyi acını, canına zərər verərək əvəzləmək üçün və sair. Artıq insanlar mübarizə aparmağa meyilli deyillər. Qısa yolu, asanı seçməyə üstünlük verirlər. Bir şey istədikləri kimi olmayanda, ya da heç olmayanda bunu həyatlarından imtina edərək əvəz çıxmağa çalışırlar. Fikirləri dar, məhduddur. Öz düşüncələrinin içinə həbs olmuş şəkildə bu qərara gəlirlər. Ən böyük səbəbi kənar təsirlərə asanlıqla düşmələri, öz istəklərini dəqiq bilməmələri, mübarizəyə çalışmamalarıdır".

Bu fikirıəri Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirdi. O, təəssüflə qeyd etdi ki, xüsusilə intihar hallarına imtahan ərəfəsində olan şagird, tələbələrdə də rast gəlinir:

"Bəzən bunun səbəbi valideynin yüksək gözləntiləri, təzyiqidir. Həmçinin şagird və tələbələrin özlərindən reallıqdan uzaq gözlənti içərisində olmalarıdır. Hansı ki, belə olduqda, real nəticələrlə, gözlənilən nəticələr üst-üstə düşmür və çıxış yolunu özünü qəsddə görürlər. Özlərini araşdırmaq, tapmaq və dərinliklərində nə baş verdiyini sorğulamaq əvəzinə, birdəfəlik özlərini məhv etməyi üstün tuturlar. Çünki ən asanı budur. Bunun qarşısını almaq üçün bir neçə yol var:

- Kütləvi maarifləndirmə;

- Psixoloji dəstəyin, psixoloqa getməyin müsbət tərəflərini cəmiyyətə aşılamaq;

- Depressiv paylaşımları, həyatları təbliğ etməmək;

- Düzgün təsəvvür formalaşdırmaq, fəaliyyətləri düşünərək etmək;

- Valideynlərin övladları ilə açıq və sıx ünsiyyətdə olması. Aktiv dinləmə bacarığına sahib olmağa çalışmaları”.

Bənövşə HƏSƏN