Bu faktorlar ana və uşaq ölümünə gətirib çıxarır - Professordan XƏBƏRDARLIQ

 17:02 16.01.2025     94

"Ana və uşaq ölümlərinin səbəbləri çoxdur. Əsas prinsipal səbəb hamiləliyin planlanmasıdır".

Bu barədə Redaktor.az-a açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla ölkəmizdə doğuş zamanı ana və uşaq ölümləri barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, hamiləliyin düzgün planlanmaması, yəni hamiləliyə qədərki situasiyanın nəzərə alınmaması, ana orqanizminin hazır olub-olmaması bəzən müəyyən problemlər yaradır. Bəzən ana müəyyən xəstəliklə hamilə qalır, həkimə müraciət etmir. Doğuş vaxtı yaxınlaşdıqda həkim axtarırlar və hamiləliyin gedişi ağırlaşır və doğuş riskli şəkil alır. Məsələn, Hepatit B-li xəstələr, böyrək çatışmazlığı olan, sirrozlu xəstələr və s. Bu gün normal hamiləliyə çox nadir rast gəlinir. Müxtəlif infeksiyon xəstəliklər, xüsusilə də cinsi yolla keçən xəstəliklər, ana orqanizmində yanaşı gedən xəstəliklərin hamısı ana və uşaq ölümünün əsasında dayanan faktorlardandı”.

A.Qeybulla vurğuladı ki, ilk növbədə hamiləliyin planlanmasını və qeydiyyata alınmasını qaydaya salmaq lazımdır.

"Ana orqanizminin hamiləlik müddətində müşahidə olunması, yəni hamilə qalmadan öncə yaxşı olardı ki, orqanizm tam müayinə olunsun və həkim tərəfindən ana olmasının risk daşıdığı ona bildirilsin. Bu, çox mühim şərtdir. Ana və uşaq mühafizəsi sistemi olmalıdır. Səhiyyə Nazirliyində, dövlət strukturlarında bu məsələyə ciddi nəzarət edilməli və bunun infrastrukturu qurulmalıdır", - deyə həkim bildirdi.

Bənövşə HƏSƏN