Sosial şəbəkə üzərindən alış-veriş zamanı dələduzluq halları artıb - Mütəxəssisdən MƏSLƏHƏT

 17:08 17.01.2025     138

Texnologiyanın inkişaf etdiyi bir dövrdə insanlar üçün alış-veriş etmək çox asanlaşıb. Bununla belə internetdən, sosial şəbəkələrdən alış-veriş zamanı dələduzluq hallarına da rast gəlirik.

İnsanlar onlayn alış-veriş edərkən nələrə diqqət etməlidilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İT mütəxəssisi Fərid Kazımov bildirdi ki, inkişaf etmiş ölkələrdə dələduzluq hallarının həcmini minimuma endirmək üçün istehlakçılar daha tanınmış platformalardan istifafə edirlər.

Onun sözlərinə görə, həmin platformalarda öz müştəriləri ilə satıcılar arasında münasibətləri düzgün qurduqları üçün orada dələduzluq halları olmur:

"Azərbaycanda təəssüflər olsun ki, satışlar sosial şəbəkə üzərindən həyata keçirildiyi üçün istehlakçılar dələduzluq halları ilə rastlaşa bilirlər. Bunun üçün Azərbaycanda təstiqlənmiş platformalardan istifadə olunmalıdır. Xarici platformalardan isə yalnız tanınmış platformalardan istifadə olunmalıdır. Yerli platformalara gəldikdə isə, "Umico" kimi platformalar vardır ki, daha tanınmış və güvəniləndir. Amma istehlakçılar beh verib onlayn səhifələrdən alırsa, təbii ki, dələduzluq hallarına rast gələcəklər. Bunun qarşısını almaq üçün yeganə yol odur ki, insanlar yalnız oturuşmuş, təsdiqlənmiş platfotmalardan istifadə etməlidilər."

F.Kazımov hesab edir ki, Azərbaycanda yaxın bir zamanlarda bu proses aparılmalıdır ki, insanlar onlayn üzərindən ödəniş edərkən proses kartla olsun.

"Çünki müəyyən mənada dələduzluq hallarının sayı azalacaq. Yəni dələduzluq halları baş verərkən kart vasitəsilə kim olduğunu tapmaq mümkündür. Lakin kartla ödəniş olunduğu zaman qəti şəkildə təhlükəsizlik kodunu qeyd etməsinlər", - deyə mütəxəssis bildirdi.

Bənövşə HƏSƏN