Meymunçiçəyi Azərbaycanda geniş yayıla bilərmi? - İnfeksionistdən AÇIQLAMA
Məlum olduğu kimi, Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma faktı aşkarlanıb. Təbii ki, meymunçiçəyinin ölkəmizə də ayaq açması insanlarda narahatlıq yaratmaya bilməz.
Bəs meymunçiçəyi Azərbaycanda daha geniş formada yayıla bilərmi?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında infeksionist Vasif Əliyev bildirdi ki, meymunçiçəyi Afrika ölkələrində və bır sıra dövlətlərdə aktualdır.
"Azərbaycanda ilk dəfə 22 yaşlı bir gənc oğlanda aşkar olundu. Başqa bir ölkəyə səyahət zamanı təmasda olduğu bir nəfərdə sonradan meymunçiçəyi aşkar olunduğuna görə və şəxsdə də bəzi səpkilər olduğuna görə klinikaya müraciət etdi. Yaralardan götürülən yaxmada meymunçiçəyi virusu aşkar olundu və həmin şəxs xəstəxanaya, onunla təmasda olan şəxslər isə ciddi karantin rejiminə alındı. Bu, zamanında atılmış bir addım olduğu üçün, xəstə izolyasiya olunduğu və başqa insanlarla təmasda olmadığı üçün yoluxma riski yoxdur. Xəstəlik meymunçiçəyi adlansa da daha çox siçanlardan, sincablardan və eyni zamanda virusa yoluxmuş insanlarla təmas sırasında keçir. Xəstə insanın istifadə etdiyi hər-hansı bir əşyanın sağlam bir insan tərəfindən istifadə olunması nəticəsində də xəstəlik keçə bilir”, - deyə həkim qeyd etdi.
Həmsöhbətimiz onu da bildirdi ki, virusdan qorunmaq üçün peyvənd və müalicə üçün dərmanlar mövcuddur:
"Amma mən düşünmürəm ki, meymunçiçəyi Azərbaycanda geniş yayılsın, çünki sürətli yayılma qabilliyyətinə malik deyil. Bir nəfər xəstə var və o karantin rejimində və kontrol halındadır".
BƏNÖVŞƏ