Ekspert yol qəzalarının azalması üçün təkliflər verdi: "Zolaqlar ensizləşdirilməli, işıqforlar..."

 16:27 21.01.2025     285

Ölkəmizdə avtomobil qəzaları tez-tez baş verir. Buna səbəb olan amillərdən biri də təbii ki, yüksək sürətdir. Bəzi hallarda paytaxtda avtobus sürücülərinin də təhlükələr yaratdığının, qəzaya səbəb olmasının şahidi oluruq.

Bəs qəzaların sayının azalması üçün daha hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirdi ki, qəzalar dünyanın hər yerində baş verir.

Onun sözlərinə görə, əsas hədəf qəzanın nəticəsinə təsir edən həllərin tətbiqidir:

"Yəni qəzanın nəticəsi ölümlə nəticələnir, yoxsa qəzanın nəticəsində maddi ziyan dəyir və yüngül xəsarətdir? Hər bir qəza ayrı-ayrlıqda araşdırılmalıdır və risklər dəyərləndirilib, bu riskləri minimumlaşdırmaq üçün həllər təklif olunmalıdır. Dünyanın “Vision Zero” konsepsiyası var, ölüm hallarına sıfır dözümlülük siyasəti. Konsepsiyaya görə insan səhv edə bilər, əsas hədəf insanın səhvi nəticəsində ölən olmamalıdır. İnfrastrukturdan qaynaqlanan məsələlər var, bu günə qədər bəzi işlər görülüb, lakin düşünürəm ki, onun təkmilləşdirilməsinə ehtiyac var. İki zolaqdan artıq olan küçələrimizdə təhlükəsizlik adacığının işıqlandırılması təmin olunmalı, zolaq ensizləşdirilməsi əməliyyatı görülməlidir".

Ekspert qeyd etdi ki, sürücülərin təkmilləşdirilməsi hər zaman gündəm olub. Onun fikrincə, müasir dünya qaydalarına uyğun sürücülük vəsiqəsinin verilməsinə ehtiyac var.

"Qəza statistikasına baxsaq, ümumi olaraq fərdi nəqliyyatda qəzaların sayı çoxdur, nəinki ictimai nəqliyyatı idarə edənlərin. İctimai nəqliyyatı idarə edənlərə qarşı dövlətin müvafiq qaydaları var, Nazirlər Kabinetinin tələbləri var və o tələbə uyğun sürücülər işə cəlb olunur, müəyyən təlimlərdən keçirlər və sonra xəttə çıxan avtobusları idarə edirlər. 

Digər bir məsələ odur ki, bizdə hal-hazırda sürücü qıtlığı var və bunun səbəbi maaşa bağlıdır. Daşıyıcıların maliyyə dayanıqlılığını təmin edən "Brrutto müqaviləsi"nə keçid olunmalıdır ki, bu, həmçinin də sürücülərin maaşının  artırılmasına gətirib çıxaracaq. Dünyada nəqliyyatı idarə edənlərə ciddi tələb var və daha çox maaş verən ölkələrə axın var. Bu kimi ölkələr sırasına Polşanı daxil edə bilərik", - deyə Rauf Ağamirzəyev bildirdi.

BƏNÖVŞƏ