Tıxac zamanı keçirilən stress xroniki xəstəliyə səbəb olur? - Həkim AÇIQLADI

 18:21 21.01.2025     104

İnsanlar gün ərzində müxtəlif səbəblərdən əsəb keçirirlər. Bu səbəblər sırasına yollarda tıxac zamanı yaranmış gərginliyi də əlavə edə bilərik.

Stress insan həyatına necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nevroloq Durna Ələkbərova bildirdi ki, stress orqanizmin dəyişən xarici mühit amilinə qarşı cavab reaksiyasıdır. Onun sözlərinə görə, orqanizm dəyişən xarici mühit amilinə qarşı endokrin metabolik və davranış sistemində müəyyən dəyişikliklər olmaqla cavab verir.

"Yəni xarici mühitdə hər hansı bir faktor bizə təsir edirsə, orqanizm həmin faktora qarşı cavab verir. Stress 2 cür olur: Qısa müddətli və xroniki stress. Qısa müddətli stress, yəni təhlükə anında orqanizmdə yaranan bir vəziyyətdir. Xroniki stress isə təhlükə anlarına neqativ faktorların uzun müddətli təsiri nəticəsində orqanizmin düşdüyü bir durumdur.

İnsan hər gün eyni tıxacla, eyni emosional gərginliklə rastlaşırsa, artıq xroniki stressə gətirib çıxarır. Bu da astenik sindromuna, nevrotik sindroma, emosional tükənmə sindromuna gətirib çıxarır və nəticədə gərginlik yaranır. Artıq biz öz işimizə gərgin vəziyyətdə gəlirik, gün rejimimiz də ona uyğun tənzimlənir və bu faktorun uzun müddət təsir etməsi nəticəsində yorğunluq yaranır. Biz bu yorğunluğa xroniki yorğunluq sindromu deyirik. Xroniki yorğunluq yaranandan sonra bunu müalicə etmək məcburiyyətində qalırıq".

Durna Ələkbərova qeyd etdi ki, insan stress, əsəb faktoruna adi yanaşsaqda, xroniki yorğunluq nəticəsində həkimdən asılı vəziyyətdə qalır.

"Əvvəl bitki tərkibli sakitləşdiricilər, daha sonra dərman tərkibli antidepresantlara qədər gedib çıxırıq. Buna görə də orqanizmi maksimum dərəcə də qorumaq lazımdır. Bir az laqeyd yanaşmaq, hər şeyin çox ziddinə getmək lazım deyil", - deyə həkim insanlara belə məsləhət verdi.

BƏNÖVŞƏ