Uşağa məcburi yemək yedizdirmək bu problemlərə səbəb olur - AÇIQLAMA

 19:15 21.01.2025     112

"Uşaqları yemək yeməyə və digər məsələlərə məcbur eləmək, irəli yaşlarda həmin məsələdə pozuntuya gətirib çıxara bilər".

Bu barədə Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirdi.

"Məsələn, yemək yeməyi istəməyən uşaq məcburi yedizdirilir. Valideyn bunu hər nə qədər övladının yaxşılığını istədiyi üçün etdiyini bildirsə də, ciddi problemə səbəb olduğunu anlamır. Çünki ardıcıl olaraq bu məcburiyyətlərin nəticəsində gələcəkdə uşaq qida pozuntusu yaşama ehtimalı yüksək yetkin şəxsə çevriləcək. Emosional çətinliyə düşəndə ya tamamilə qidadan kəsilmə, şüuraltı etiraz, dirəniş olaraq yemək istəməyəcək, ya da əksinə emosional ağrısını, qəzəb varsa qəzəbini qədərindən çox yeməklə çıxaracaqdır. Yəni şüurlu qidalanma öz yerini emosional qidalanmaya verəcək və nəticədə bizim aclıq hissimizi mədəmiz yox, duyğularımız idarə etməyə başlayacaqdır. Çünki uşaqlıqda yemək istəməməyimizə rəğmən, etirazımıza rəğmən bizə məcburi yedirilən qidalar bizdə basdırılan aqressiyaya, qəzəbə, anlaşılmayan, görülməyən istəklərə çevrilir. Bu misal qida üzərindən olsa da, əslində digər məsələlərə də aid edilə bilər. Övladın valideyni olaraq onun üçün ən yaxşısını onun əsl istəklərini dinləyərək, onu, hisslərini həqiqətən nəzərə alaraq düşünməlisiniz", - deyə psixoloq vurğuladı.

BƏNÖVŞƏ