"Aliment Fondu" yaradılsa, boşanmalar artacaq - Ekspert uşaq pulunun bərpasını TƏKLİF ETDİ
Boşanma prosesində ən çox düşünülən və narahatlıq yaradan məsələlərdən biri uşaqların rifahı və gələcəyidir. Buna görə uşaq kimdə qalırsa, digər tərəf müəyyən yaşa qədər uşağa görə pul, yəni aliment ödəməli olur. Amma bir gerçəklik də var ki, bəzi valideynləri uşaqlar maraqlandırmır, yaxud işsizlik səbəbindən bu pulu ya ödəmir, ya da gecikdirir. Buna görə də neçə ildir ki, Azərbaycanda "Aliment Fondu"nun yaradılması ilə bağlı təkliflər olunur.
Bəs bu fondun yaradılması nə dərəcədə vacibdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, adıçəkilən prosesin həm müsbət, həm də mənfi tərəfləri ola bilər:
"Bu, bir tərəfdən yaxşıdır. Uşaqların xərclərinin qarşılanmasında problemlər olmayacaq. Amma bir tərəfdən də pisdir ki, "Aliment Fondu" ailələri boşanmağa bir az da sövq eləyəcək. Çünki indi aliment ala bilməmək ehtimalına görə boşanmasını təxirə salan, boşanmaq barədə düşünməyən tərəflər "Aliment Fondu"nun mövcudluğundan istifadə edərək daha rahat qərar verəcəklər. Düzdür, "Aliment Fondu" ilə alimenti ödəmək məcburiyyətində olan ataların və yaxud da tərəflərin büdcəsi hesabına formalaşacaq. Amma dövlət də bura pul ayırmaq məcburiyyətində qalacaq. Çünki alimenti verə bilməyən və yaxud da ölkədən gedən, aliment verə bilmədiyinə görə həbsə düşən adamın ödəyəcəyi pulu dövlət büdcəsindən ödəməli olacaqlar. Ona görə zənnimcə ailələrə bir faydası olmayacaq".
Sosioloqun sözlərinə görə, uşaq pulunun bərpası məsələsi gündəmə gəlməlidir.
""Aliment Fondu" yaratmanın yerinə uşaq pulunun bərpasını həyata keçirə bilərlər. Həm ailələrin alimentə olan ümidləri doğrulmamış olar. Yəni alimentə arxayın olub boşanma barədə düşünənlər var ki, üç uşağım var, hər uşağa görə 250-300 manat aliment alsam, ayda 900-1000 manat pul eləyir, bununla yaşayaram. O alimenti bir ay alır, beş ay ala bilmir. Ona görə də ümidləri doğrulmur. Amma hər uşağa uşaq pulu təyin edilsə, həm boşanma sayında da azalma olar, həm də ümumilikdə uşaqların dövlət tərəfindən müdafiəsi həyata keçirilmiş olar. Ona görə zənn edirəm ki, "Aliment Fondu" yerinə uşaq pulu məsələsi gündəmə gəlməlidir. Əgər "Aliment Fondu" yaradılacaqsa, bunun mexanizmi də elə işlənməlidir ki, nə şiş yansın, nə kabab", - deyə Lalə Mehralı bildirdi.
Türkan İSGƏNDƏRLİ