"Dietoloq adı altında profillər yaradırlar, guya həkimdirlər" - Ləman Süleymanova
Cəmiyyət arasında belə bir fikir formalaşıb ki, insanlar artıq çəkili olduqları zaman gözəl olmurlar. Odur ki, çəki kompleksi yaşayanlar bundan qurtulmaq üçün yollar axtarırlar.
Qeyd edək ki, sosial şəbəkələrdə artıq çəkidən qurtulmaq üçün dərman vasitələri reklam olunur. Bu növ dərman vasitələri ilə arıqlamaq mümkündürmü?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında həkim-dietoloq Ləman Süleymanova bildirib ki, müasir cəmiyyətimizin ən qlobal problemlərindən biri də piylənmədir. Onun sözlərinə görə, piylənmənin səbəbləri müxtəlifdir:
"Bəzən olur ki, artıq çəkili insanlar uzun müddət çəki yığırlar və birdən qəflət yuxusundan ayılırlar, - buna psixoloji oyanıqlıq deyilir, - sonra isə tez bir zamanda və daha rahat şəkildə artıq çəkidən qurtulmaq istəyirlər. Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə həkim olmadan, asudə vaxtlarını əyləncəli keçirmək məqsədilə dietoloq adı altında profillər yaradırlar, guya həkimdirlər. İnsanları öz uydurduqları yalançı diet marafonlarına cəlb edirlər. Pasiyent artıq çəkidən əziyyət çəkirsə, birinci onunla psixoloji söhbət aparılmalı, piylənmənin səbəbləri araşdırılmalı, müxtəlif analizlər olunmalıdır və sonra pasiyentə individual fərdi müalicə təyin edilməlidir”.
Ləman Süleymanova onu da qeyd etdi ki, arıqladıcı kokteyllər, eləcə də digər arıqladıcı dərman vasitələri xərçəng hüceyrələrini aktivləşdirir:
"Hətta illər öncə televiziya kanallarında çıxışım zamanı studiyaya zəng gəldi, xanım qoşulub müraciət edəcəyini bildirdi. Bir neçə müddətdən sonra zəng edib dedi ki, övladımı yanınıza gətirmək istəyirəm. Sosial şəbəkədə arıqladıcı kokteyl məsləhət görüblər və uşaq istifadə etdikdən sonra immuniteti düşüb, ağır vəziyyətdə idi. Övladı 2 il şok vəziyyətində qalıb, sonra isə rəhmətə gedib. Səbəbi isə arıqladıcı kokteyllər və dərmanlardır.
Dietoloq bildirdi ki, sağlam yolla arıqlamaq üçün pasiyent həkimə müraciət etməlidir.
"Sonra onunla psixoloji söhbətlər aparılmalıdır, çünki stress halları varmı, bunu bilmək lazımdır. Ümumi analiz toplanılmalıdır və ehtiyac olarsa, qan analizi və USM müayinəsi olunduqdan sonra pasiyentə fərdi proqram tərtib olunur. Müxtəlif arıqladıcı kokteyllər, arıqladıcı dərman vasitələri piy kütləsini şar kimi boşaldır və iki qat artırır və insanlar yenidən kökəlir”, - deyə həmsöhbətimiz vurğuladı.
BƏNÖVŞƏ