"Cəzaçəkmə müəssisələrində təhsil alan uşaqlar yalnız bir "etiket"dən ibarət deyillər" - Aydan Məmmədova

 18:34 22.01.2025     68

Cəzaçəkmə müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 ümumi təhsil müəsissəsi mövcuddur. Həmin təhsil müəsissələrinə şagird qəbulu VIII sinifdən başlayır. Hazırda bu müəsissələrdə 667 şagird təhsil alır.

Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərin psixologiyaları hansı vəziyyətdə olur və gələcək həyatlarına necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Aydan Məmmədova bildirdi ki, həmin uşaqlar psixoloji olaraq çox dərin problemlərə rastlaşa bilərlər:

"Deyərdim ki, ən dərin hissləri onlar çəkir. Təsəvvür edin ki, hər gün eyni divarlar arasında oyanırsız, eyni qapılardan keçirsiz, amma bu qapılar sizi azadlığa deyil, daha dərin bir qapanmaya aparır. Sizin yaşadığınız mühit həm özünüzü, həm də gələcəyinizi formalaşdırır. Cəzaçəkmə müəssisələrində təhsil alan şagirdlərin hekayəsi məhz belədir – gözlə görülməyən, amma içəridən hər gün hiss edilən bir mübarizə hekayəsi. Bu şagirdlərin əksəriyyəti həbs olunan valideynlərin övladıdır və ya müyyən səbəblərlə özlərini bu mühitdə tapıblar. Uşaq yaşlarında həyatlarına dair nəzarət tamamilə onların əlindən alınır. Onların həyatı bizdən fərqli qaydalarla idarə olunur – hər hərəkət, hər addım məhduddur. Sizcə valideynlərini həftədə bir dəfə görə bilən bir uşaq nə qədər sevgi və dəstək hiss edə bilər? Bir uşaq “Niyə mən burada doğulmuşam?”, “Niyə mənim anam həmişə ağlayır?” və ya “Mən bu həyatdan necə çıxacam?” kimi suallar onların psixologiyasında dərindən iz buraxır. Daim həyatını sorğulayır. Bu suallar cavabsız qaldıqca, içlərində ümid yerinə qorxu olur”. 

Psixoloq qeyd etdi ki, psixoloji olaraq o uşaqlarda aşağı özünəinam, tənhalıq, asılı tip halları müşahidə edə bilərik.

"Aşağı özünəinamı olan bu uşaqlar tez-tez düşünürlər ki, cəmiyyət onları qəbul etməyəcək. “Mən kiməm ki?”, “mənim nə dəyərim var?” kimi düşüncələr onların beynində daimi yaşayır. Əgər onlar mühitdən uzaqlaşıb cəmiyyətə daxil olmağa çalışsa belə, bu fikirlər onları buraxmır, sanki kölgə kimi daima ardları ilə gedir. Məsələn,"bir dəfə məni görüb fikirləşdilər ki, mənim gələcəyim yoxdur". Bir yeniyetmənin dediyi bu cümlə, onun özünə baxışının nə qədər zəif olduğunu göstərir. 

Tənhalıq hissi uşaqlıqda sosial əlaqələr, oyun dostları, məktəb xatirələri insanın psixoloji inkişafında böyük rol oynayır. Amma bu uşaqların xatirələri qapalı bir məkanda keçir və tənhalıq onların əsas dostuna çevrilir. Məsələn, "heç kim mənimlə oynamaq, danışmaq istəmir, məni sevmirlər" deyir. Bu, onun sevgi və diqqətə olan ehtiyacını açıq şəkildə göstərir. 

Asılı tipə gəlincə, həyatları boyunca həddən artıq nəzarət altında olan bu şagirdlər çox vaxt öz həyatlarına dair müstəqil qərarlar verməyi öyrənmirlər. Nə vaxt oyanmaq, nə vaxt yemək yemək, nə vaxt oxumaq – bu kimi detalları hər zaman başqaları idarə etdiyinə görə, şagirdlər zamanla büyük həyat qərarlarını verməkdə çətinlik çəkir. Onların daim kiminsə dəstəyini istəməsi asılı davranışları formalaşdırır. Məsələn, bir vaxtlar bu müəssisələrdə təhsil almış bir gənc, cəmiyyətə daxil olduqda "həyatımda həmişə mənə yol göstərəcək birinə ehtiyacım var, tək qalsam itirərəm" deyirsə, bu, onun emosional və sosial cəhətdən özünü zəif hiss etdiyini göstərir. 

Asosiallıq hissi isə odur ki, yeniyetmələrin cəmiyyətlə təmasdan uzaq qalması onları asosiallığın yaranmasına səbəb olur. Onlar özlərini başqalarından təcrid edir, sosial mühitlərdə narahatlıq hiss edir və təkliyə üstünlük verirlər. Məsələn, "cəmiyyətdə məni valideynlərimə görə qınayırlar, öz aralarına almırlar. Sən də onlar kimisən deyə uzaq tuturlar” kimi iadələrə rastlaşa bilərik. Belə hallar yeniyetmələrin gələcəkdə sağlam sosial münasibətlər qurmaqlarını çətinləşdirir", - deyə Aydan Məmmədova bildirdi.

Həmsöhbətimizin sözlərinə görə, həmin şəxslərdə bunlardan əlavə aşırı stress halına da rast gələ bilərik:

"Əgər bu uşaqlara düzgün dəstək göstərilməsə, onların həyatı bir qapalı dövrə çevrilir. Təhsil aldıqları halda belə, çox vaxt cəmiyyətə uyğunlaşmaqda çətinlik çəkirlər. Bu onların sosial əlaqələrinə, karyera seçimlərinə və hətta ailə qurmaqlarına təsir edə bilər. Bir çox şagird öz keçmişini geridə qoymaq istəyir, amma bunun üçün nə təlimat, nə də dəstək tapır. Psixoloji problemlər, cəmiyyətdən təcrid olunma və aşağı özünəinam hissi ilə gələcəyə addım atmaq onlar üçün olduqca çətindir". 

Psixoloq onu da qeyd etdi ki, bu uşaqlar üçün reallıq ağır ola bilər, amma hər zaman bir ümid işığı var. Aydan Məmmədova hesab edir ki, onlara doğru dəstək verilərsə, həyatlarını dəyişdirmək mümkündür: 

"Bu uşaqlara psixoloji dəstək göstərilməlidir. Peşəkar psixoloqlarla mütəmadi görüşlər təşkil olunmalıdır. Sosial adaptasiya proqramları olmalıdır. Onların cəmiyyətə yenidən inteqrasiyasını asanlaşdıracaq təlimlər və tədbirlər təşkil edilməlidir. Cəmiyyətin bu uşaqları qəbul etməsi üçün maarifləndirici görüşlər keçirilməlidir. Onlara kiçik məsuliyyətlər verərək qərarvermə bacarıqlarını inkişaf etdirmək olar. Asılılıq psixologiyasını dəyişdirmək üçün fərdi və qrup terapiyaları təşkil edilməlidir. 

Unutmayaq ki, cəzaçəkmə müəssisələrində təhsil alan uşaqlar yalnız bir "etiket"dən ibarət deyillər. Onlar da bizim kimi güclü və müstəqil fərdlər ola bilərlər. Tək fərqimiz məkan olaraq ətrafımız dörd divardan ibarət deyil. Sadəcə, onlara inanan birinə, düzgün istiqamət göstərənə və bir az dəstəyə ehtiyacları var. Asılılıq divarları onların keçmişində qala bilər, əgər biz onlara o divarları aşmağı öyrətsək, həyatlarına daha uğurlu şəkildə davam edə bilərlər. Hər kəsə seçim şansı verilmədiyini anlamalıyıq".

BƏNÖVŞƏ