Dişlərin müalicəsi zamanı pasiyentlər infeksion xəstəliklərə yoluxma riski ilə qarşılaşırlar - Stomatoloqdan AÇIQLAMA
Uşaqdan böyüyə hamı diş problemləri ilə üzləşir. Diş müalicəsi zamanı isə sterilizasiyaya diqqət etmək lazımdır. Çünki pasiyentlərin müalicə zamanı infeksion xəstəliklərə yoluxma riski daha çoxdur.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Amerika Stomatoloji Assosiasiyasının üzvü, həkim Fərid Zeynalov bildirdi ki, stomatoloqa müraciət etmək sağlamlığa qayğı göstərməyin vacib bir hissəsidir.
“Lakin, təəssüflər olsun ki, bəzi hallarda pasiyentlər stomatoloji müayinə və müalicə zamanı yoluxma riski ilə qarşılaşırlar. Stomatoloji müdaxilə zamanı əsasən infeksion xəstəliklərə yoluxma riski mövcuddur: Hepatit B, Hepatit C, HİV, müxtəlif növ bakterial infeksiyalar, bəzi zöhrəvi xəstəliklər və virus mənşəli tənəffüs xəstəlikləri. Vacib amillərdən biri stomatoloji klinikalarda aseptika (orqanizmə və ya yaraya mikrobların düşməsinin qarşısını alan tədbirlər kompleksi - red.) və kliniki gigiyena şərtlərinə qəti şəkildə əməl olunmasıdır. Həm həkim, həm də orta tibbi personal tərəfindən xüsusi qorunma tədbirləri mütləq görülməlidir", - deyə o vurğuladı.
Fərid Zeynalov onu da qeyd etdi ki, klinikada qorunma tədbirlərində alətlərin sterilizasiyasına diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, bütün alətlər avtoklav vasitəsilə sterilizasiya edilməli və ya birdəfəlik dezinfeksiyaedici vasitələrlə işlənməlidir:
"Bütün prosedurlar xüsusi protokol təlimatlarına uyğun həyata keçirilməlidir. Səthlər dezinfeksiya olunmalıdır, mebel, avadanlıq və təmas nöqtələri mütəmadi olaraq xüsusi vasitələrlə təmizlənməlidir. Personal birdəfəlik əlcək, maska, qoruyucu eynək və xalatlardan istifadə etməlidir. Kabinetin havalandırılması və dezinfeksiyası üçün müayinələr arasında vaxt intervalına riayət edilməlidir. Klinik əməkdaşlar mütəmadi tibbi müayinədən keçməlidir və sağlamlıqlarını təstiqləyən arayışlar olmalıdır. Birdəfəlik materiallardan istifadə edilməsi məcburidir”.
Həkim onu da əlavə etdi ki, stomatoloji müayinədə özünüzü qorumaq, riskləri minimuma endirmək üçün bəzi tövsiyələrə əməl edilməlidir:
“Klinikanı diqqətlə seçin. Əmin olun ki, klinika lisenziyaya malikdir, sanitar normalara əməl edir və alətlər avtoklavda sterilizasiya olunur. Dezinfeksiya metodları haqqında suallar verməkdən çəkinməyin. Əl gigiyenasına riayət edin. Müayinədən əvvəl əllərinizi yuyun və müayinədən sonra antiseptikdən istifadə edin. Sterilliyə diqqət yetirin. Alətlərin sizin qarşınızda steril paketdən açıldığından və birdəfəlik materialların yalnız sizin üçün istifadə olunduğundan əmin olun. Həkimə sağlamlıq vəziyyətiniz barədə məlumat verin. Xroniki xəstəliklər və ya son zamanlar keçirdiyiniz infeksiyalar barədə məlumat verin ki, həkim əlavə tədbirlər görə bilsin. Prosedurlardan sonra tövsiyələrə əməl edin. Ağız boşluğunun qayğısına dair həkimin göstərişlərinə riayət edin ki, fəsadlardan qaça biləsiniz”.
Fərid Zeynalov bildirdi ki, müasir stomatologiya gigiyena və dezinfeksiya standartlarına əməl edildiyi halda pasiyentlər üçün təhlükəsizdir.
"Bununla yanaşı, klinikanın düzgün seçilməsi və qorunma tədbirlərinə əməl olunması risklərin daha da azalmasına kömək edəcək”, - deyə o qeyd etdi.
BƏNÖVŞƏ