İT mütəxəssisi dələduzların votsap zənglərindən DANIŞDI

 16:59 23.01.2025     135

Bir neçə müddətdir ki, insanlara "whatssap" vasitəsilə zənglər, hiperlinklər göndərilir. Zənglərin xarici nömrələrdən olduğunu görüb açmayan şəxslər olduğu kimi, açan şəxslər də az deyil. Bu kimi zəngləri açan insanlar şəxsi məlumatlarının oğurlanmasından narahatdırlar. İnsanlar kiberhucumdan necə qorunmalıdılar və "whatsapp" üzərindən gələn zəngləri açdıqda şəxsi məlumatlar oğurlana bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İT mütəxəssisi Fərid Kazımov bildirdi ki, belə problemlər var və dələduzlar müxtəlif formatlarda, müxtəlif məqsədlər üçün zənglər edirlər. Onun sözlərinə görə, bu zənglər normal olmasa da, adi bir hala çevrilib:

"Bu kimi zəngləri dərhal blok etmək olar. Lakin bizdə insanlar sadəlövhdürlər, məsələn Afrikadan və ya Cənubi Amerikadan zəng gəlir və o zəngə cavab verirlər. Cavab verməkdə problem olmur, amma istənilən halda kontakt olunur və onların da əsas gücləri kontakta girməklə insanları manipulyasiya etmələridir. Bu kimi zənglər daxil olduqda insanlar zəngləri çalışsınlar götürməsinlər, götürdükləri halda isə ona aid olmayan məsələdən danışılarsa, o zaman telefonu söndürsün".

Mütəxəssis bildiridi ki, marketinqdə bu, “marketinq burulğanı” adlanır. "Məsələn 1000 nəfər potensial müştəri olur, onların 100 nəfəri maraqlanır ilk addımı atır, 10 nəfəri isə malı alır. 10 nəfər müştəri üçün 1000 nəfər üzərində iş aparılır. Dələduzlar da belə işləyirlər. Onlar da 100-200 adama adama müraciət edirlər, onların müəyyən hissəsi cavab verir, cavab verənlərin 10%-i isə həmin linklərə daxil ola bilər. Dələduzlar 5-10 % üçün işləyirlər, çünki 5-10%-dən müəyyən mənada gəlir əldə etmiş olurlar.

Nömrələrə zəng gəldiyi zaman hansı ölkədən gəldiyi onsuz da məlum olur. O ölkələrdə tanışları yoxdursa, bilmək lazımdır ki, dələduzluq halıdır. Bu tip məsələlər əvvəl mail üzərində idi, indi isə messencerlərlə yayılıb və dələduzlar bundan istifadə edirlər. Bunun üçün də diqqətli olmaq lazımdır", - deyə Fərid Kazımov qeyd etdi.

BƏNÖVŞƏ