"İslamda cümə axşamı, yeddi, 40 kimi ənənələrin heç biri yoxdur" - Deputat yas mərasimlərindən DANIŞDI

 17:19 23.01.2025     159

Ramiz Rövşən demiş:

                                    Ölənə nə var ki, yazıq - qalandı

                                    Ölən öldü, qalan indi neyləsin?

Şair burda mənəvi əziyyətdən bəhs etsə də, indiki dövrdə bu əziyyət maddiyə çevrilib. Yəni ölüyə hörmət əlaməti olaraq edilən yas mərasimləri bu günlərdə çox vəsait tələb edir. Cəmiyyət də sanki ən yaxşı yas mərasimi keçirmək uğrunda yarışa girib. Gələn qonaqlar da "yemək veriliş"lərinə gələnlər kimi özlərini apararaq, təamlara qiymət verirlər. Ev yiyəsi buna görə də hər şeyin yaxşısını istəyir. 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirdi ki, İslamda ümumiyyətlə cümə axşamı, yeddi, 40 kimi ənənələrin heç biri yoxdur:

"Yəni İslama görə, insan dünyasını dəyişdikdən sonra ona yalnız üç gün yas saxlanıla bilər. Yəni üç gündən artıq yas saxlanılması bizim dinimizdə yoxdur. Eyni zamanda təmtəraqlı yasın keçirilməsi də İslamda yoxdur. Bu, insanlar tərəfindən sonradan formalaşdırmış və meydana gətirilmiş bir ənənədir. Bu gün Azərbaycanda hamı yasların təmtəraqla keçirilməsindən əziyyət çəkir. Hamı bu məsələdən şikayətçidir və ona görə də Füzulidə atılmış bu addım bütün bölgələrimizdə atılmalıdır. Dinə görə də dünyasını dəyişən insanın evində yemək bişməli deyil. Onun qonşuları, yaxınları, doğmaları ona bişirib yemək gətirməlidir. Yəni dünyasını dəyişən insan onsuz da kədərlidir, qəmlidir və üstəgəl də onun bu formada işlərin arxasınca getməsi ölüsünü yola salmasında çətinlik yaradır. Yəni bu insan bilmir ki, kədərlənsin, hüznlənsin, yoxsa yer axtarsın, yeməklə maraqlansın. Ona görə yas yerində çay ola bilər, yüngül süfrə ola bilər. Bu, normal bir məsələdir. Söhbət hər il Azərbaycanda 100 milyonlarla israfçılıqdan gedir. Yəni indi bir rayonda, əgər 10 milyondan söhbət gedirsə, siz baxın, hər il Azərbaycanda nə qədər vəsait israf olunur".

Bəzi yerlərdə təmtəraqlı yas mərasimlərinin ləğv olunduğuna diqqət çəkən deputat hesab edir ki, bu qadağa bütün Azərbaycanda tətbiq olunmalıdır. C.Məmmədov hesab edir ki, savab qazanmaq istəyənlər belə məclislərdənsə, imkansızlara yardım etməlidirlər.

"Xeyir iş, yaxşı iş görmək istəyirsə, kimsə ehsan vermək istəyirsə, həmin vəsaiti imkansız insanlara verə bilər. Amma bu formada vəsaitin xərclənməsi israfçılıqdan başqa bir şey deyil və hesab edirəm ki, bütün bölgələrdə bu öz həllini tapmalıdır. Yəni bu məsələnin iki yolu var. Bir yol insanların özlərinin təşəbbüs göstərərək bu addım atması, ikinci yol isə qanuni şəkildə bu prosesin həyata keçirilməsidir. Ən doğrusu, ən yaxşı olardı ki, bütün rayonlarda, ictimaiyyətin nümayəndələri, ziyalılar bir araya gələrək belə bir qərar qəbul etsinlər, belə bir təşəbbüslə çıxış eləsinlər. Hesab edirəm ki, belə bir addım çox təqdirəlayiqdir və bu təcrübə hər yerdə tətbiq olunmalıdır. Yəni biz gec-tez yaslarımızdakı bu israfçılıqdan, artıq vəsaitin xərclənməsindən xilas olmalıyıq. Bu, yalnız və yalnız israf olunmuş vəsaitdir. Bu vəsaiti biz daha yaxşı işlərə, kiminsə təhsilinə, hansısa bir imkansız insana yardım edərək yetim uşaqlara dəstək olaraq təhsil sahəsinə, məktəblərin tikilməsinə və sair yönlərə yatırsaq, həmin insanlar bu əməllərdən daha çox savab qazanırlar, nəinki bu cür yas mərasimləri keçirməkdə", - deyə millət vəkili vurğuladı.

Türkan İSGƏNDƏRLİ