Gənc yaşda saçlar niyə ağarır? - AÇIQLAMA
Saçların ağarması adətən daha çox yaşlı insanlarda baş verir. Lakin günümüzdə gənc insanlarda da saç ağarması halları artıb.
Bəs gənc yaşlarda saçların ağarmasının səbəbi nədir? Bunu stresslə də əlaqələndirmək olarmı?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, stress orqanizmə mənfi təsirlər göstərir. Onun sözlərinə görə, stressdən psixosomatik xəstəliklər yaranır:
“İnsanların əksəriyyəti arasında belə bir deyim var ki, bir gecənin altında saçı ağardı, yəni elə bir dərd gəldi ki, elə bir stress yaşadı ki, saçı ağardı. Təbii ki, saç ağarma məsələsi genetikaya bağlıdır, piqmentasiya ilə əlaqəlidir. Tibbi baxımdan daha çox irsi faktordur, ancaq tam araşdırma olmasa da, psixoloqlar və psixiatrlar bunu həqiqətən də çox fikirləşmək, stress keçirmək, həyəcan keçirmək və təşvişlə də əlaqələndirə bilirlər. Əlbəttə ki, bu, faktorlardan biridir, amma digər faktorlar da nəzərə alınmalıdır, çünki elə insanlar var ki, çox güclü stress keçirsələr belə, saçlarının ağardığını biz müşahidə etməmişik”.
V.Əmiraslanova hesab edir ki, ona görə də psixologiya aləmində hər detal, hər fakt müzakirə olunmalı və araşdırılmalıdır.
"Psixoloqların fikrinə görə, yaşanılmış stress saç ağarmasına səbəb ola bilər, amma əsas birinci sırada onun irsiyyəti və piqmentasiyası dayanır", - deyə o qeyd etdi.
BƏNÖVŞƏ