Zərərli qidalar gənclərdə saç ağarmasına səbəb olur - Psixoloq

 19:33 24.01.2025     164

Günümüzdə gənclərin saçlarının ağardığının şahidi oluruq. İnsanlar bunun stressdən olduğunu düşünür.

Bəs əslində, saçların ağarmasının səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Nizami Orucov bildirdi ki, saçların ağarmasının səbəblərindən biri kimi stressi göstərmək olar:

“Çünki saç ağarması bir neçə səbəbdən ola bilir. Hazırkı dövrdə qida çeşidi artmağı ilə bərabər, keyfiyyət cəhətdən də dəyişmələrə məruz qalıb. Yəni hazırda orqanizmimizə ziyan olacaq qida çeşidi daha çox əlçatan hala gəlib. İndiki nəsildə, gənclərdə saç ağarmasının səbəblərindən biri də yedikləri zərərli qida məhsullarıdır".

Onun sözlərinə görə, saç ağarmasının digər səbəbi genetika ola bilər.

"Elə insanlar var ki, yaşı gənc olmasına baxmayaraq genetik olduğu üçün saçlarının çoxu indidən ağarır. Digər səbəb stressdir. Gündəlik iş, həyat yükü, ani ağır situasiyaya düşmək, gərginlik halı saç ağarmasına gətirib çıxara bilər. Həmçinin bu, bədənimizdə saçlara rəng, piqment verən xüsusi hüceyrələrimizin də fəaliyyəti ilə bağlı ola bilər. Bu hüceyrə melanosit hüceyrələri adlanır. Qocalarda bu hüceyrə yaş artdıqca zəiflədiyi üçün saç ağarması gözlənilən haldır. Amma gənclərdə də bu proses ola bilər və nəticədə piqment zəifləyərək saç ağarmasına gətirib çıxara bilər. Bu səbəblərdən qaynaqlanan saç ağarması yenə də o demək deyil ki, bizim qeyri-sağlam olmağımızın göstəricisi sayılır” – deyə N.Orucov vurğuladı.

BƏNÖVŞƏ