Könüllü verilən qan niyə xəstələrə satılır? - AÇIQLAMA
Qan köçürmə prosesi həyati əhəmiyyət daşıyan bir prosesdir. Dünyada, eləcə də ölkəmizdə könüllü olaraq qanvermə aksiyasına qoşulanların sayı çoxdur. Lakin eyni zamanda xəstəxanaların və ya qan banklarının həmin qanı ehtiyacı olanlara ödənişlə təqdim etməsi müəyyən suallar doğurur.
Niyə insanlar qanlarını ödənişsiz bağışlayır, amma bu qan ehtiyacı olanlara ödənişlə köçürülür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan həkim-radioloq Aydın Əliyev bildirdi ki, qanın ödənişlə təqdim edilməsinin səbəbi onun bir sıra proseslərdən keçməsidir:
"Qan alınandan sonra insanlara köçürülmür. Əvvəlcə qan insan orqanizmi üçün təhlükəsiz şəkilə gətirilir. Buna görə də bir sıra proseslərdən keçir. Qanın yoxlanılması, təmizlənməsi, bunlarla yanaşı saxlanılması üçün avadanlıqlar, ona cavabdeh əməkdaşlar var, bütün bunların hamısını hesaba qatmaq lazımdır".
Həkimin sözlərinə görə, Qanköçürmə İnstitutu, Qan Bankı, xəstəxanaların qanla təmin olunması üçün insanların donasiya olmasına ehtiyac var.
"Qanköçürmə İnstitutu, xəstəxanalar qan istehsal etmir. Buna görə insanlar donor olmalıdırlar. İnsanlar kiməsə əgər uyğun gəlirsə, öz istəyi ilə qan verə bilir. Ancaq bu insan həmin şəxsə qanını da sata bilər. Burada problem yoxdur. Çünki ona aiddir. Əsas məqam qanın tərkibinin normal, fizioloji problemi olmamasıdır. Ancaq qanvermə könüllü olmalıdır. Yəni belə halda çətində qalan xəstəyə kömək etmək daha yaxşı olar", - deyə Aydın Əliyev bildirdi.
Türkan İSGƏNDƏRLİ