"Virtual münasibətlər bizim doğmalığımızı, ünsiyyətimizi əlimizdən aldı"
Günümüzün ayrılmaz hissəsi olan smartfonlar hər zaman müxtəlif işlərdə köməyimizə çatır. Artıq insanlar doğmalarla görüşləri, canlı ünsiyyəti telefon vasitəsilə virtual şəkildə həyata keçirir.
Bir çoxları hesab edir ki, mobil telefonlar doğmaları yadlaşdırır. Bəs bu, doğrudan da belədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı öncə internetin, xüsusilə sosial şəbəkələrin hələ həyatımıza girmədiyi dövrləri xatırlatdı:
"O zaman necə ünsiyyət saxlayırdıq, necə sosiallaşırdıq? Söhbət axşamlarını, çay dəsgahlarını, böyüklü-kiçikli ətrafına yığıldığımız o süfrələri zənnimcə xatırlamayan olmaz. Bir də pandemiya dövrünü xatırlayın, insan üzünə həsrət qaldığımız, söhbətə ac olduğumuz günləri... Rəqəmsal sistemə keçməzdən əvvəl ünsiyyət qurmaq üçün müəyyən vaxta ehtiyacımız var idi, əvvəl görüş təyin edirdik, sonra qarşılıqlı, real olaraq görüşür, söhbətləşir, çay içir, yemək yeyir, beləcə sosiallaşırdıq. Həyat normal axarında idi, tələsmirdik, qaçmırdıq, yorulmurduq. Lakin indi hər şeyi virtuallaşdırmışıq, ən doğmamızla belə internet vasitəsi ilə ünsiyyət saxlayırıq".
Onun sözlərinə görə, insan təbiəti elədir ki, mütəmadi sosiallaşmaq, ünsiyyət qurmaq istəyir.
"Söhbət etmək insanın ruhi-psixoloji sağlamlığında böyük rol oynayır. Biz hər şeyi virtual etməyə meyillənirik, əvvəl zövq aldığımız adətlərimizin yerinə onunla eyniləşdirməyə çalışdığımız yeni adətlərimiz yaranır. İndi əksəriyyət daha çox təkliyə, tənha qalmağa meyllənir. Texnologiya nə qədər inkişaf edisə-etsin, hər gün virtual ünsiyyət vasitələri təkmilləşsin, yenə də real ünsiyyətin, söhbətin verdiyi enerjini və səmimiyyəti heç nə əvəz eləmir.
Texnoloji hər inkişaf bizə müsbət təsir etmir, bunu anlamaq lazımdır. Bizi biz olmaqdan uzaqlaşdıran yeniliyə qarşı bir az mühafizəkar olmaq lazımdır. Virtual münasibətlər bizim doğmalığımızı, ünsiyyətimizi əlimizdən aldı. İndi bu yenilik faydalı oldu, ya zərərli?", - deyə Lalə Mehralı bildirdi.
BƏNÖVŞƏ