Psixoloqdan valideynlərə müraciət: "Onun ən çox sizə ehtiyacı var”

 15:52 30.01.2025     396

Yeniyetməlik zamanı gənclər dünyanın onların ətrafında döndüyünü, istədikləri hər şeyi edə biləcəklərini və etməli olduqlarını düşünürlər. Bu dövrdə gənclərin aqressivləşmə halları, eləcə də valideynləri ilə münaqişə halları artır.

Yeniyetməlik dövründə valideynlər övladlarına necə davranmalıdılar və hansı səhvlərə yol verməməlidilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirdi ki, düzgün davranış və səhv addımların minimuma enməsi ilk öncə valideynlərin maariflənməsindən keçir.

"Çünki bu yaş dövrü barədə bir valideyn nə qədər az məlumat sahibi olsa, nə edəcəyini bilməməsi halları artacaq. Ən yaxşısı bu yaşın bioloji və psixoloji xüsusiyyətləri barədə məlumatlanmaqdır. 
Digər əsas məsələ isə övlada güvəndiyini və hər bir halda dəstəyini əsirgəməyəcəyini deməsi və hiss etdirməsidir. Bəzi valideynlər övladlarını şərti sevgi ilə sevirlər. Nəyinsə müqabilində, nəyəsə əməl edib-etməməsi şərtilə sevəcəyini bildirirsə, belə yeniyetmədə qeyri-sağlam dəyərlər sisteminin formalaşmasına və xüsusilə öz reallığı ilə var olmamasına gətirib çıxara bilər. Bu sadalananlardan başqa təəssüf ki, çoxsaylı yanlış yanaşma və tərbiyə üsulları da var. Əsas lazım olan isə valideynin övladının hüzuru və sağlamlığını seçməsi, şərtləri, özünü ona adaptasiya şəraitində saxlamasıdır", - deyə o vurğuladı.

Nizami Orucovun sözlərinə görə, ünsiyyətin çoxluğu və söhbətə zaman ayırmaq yeniyetmənin əsas ehtiyaclarındandır:

"Sərhədlərin düzgün şəkildə ifadə edilməsi və azadlığı məhdudlaşdırmayaraq övlada rahatlıq verilməsi əsasdır. Valideynlərə müraciət edirəm ki, övladınızı anladığınızı, onları şərtsiz sevib qəbul etdiyinizi bəlli etməkdən çəkinməyin. Çünki övladınız şəxsiyyətinin formalaşdığı və insan olaraq özünü tapmağa çalışdığı ən gərgin dövrdən keçir. Bu mərhələlərdə isə onun ən çox sizə ehtiyacı var”.

BƏNÖVŞƏ