Tıxacların qarşısını almaq üçün iş saatları belə olmalıdır - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına aid Sərəncam imzalayıb. Burada bir çox problemlərin həlli özünü tapıb. Həmin qaydalardan biri də iş qrafikindəki dəyişikliklərdi. Belə ki, dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bildirdi ki, Bakıda tıxac probleminin əsas səbəblərindən biri bütün dövlət qurumlarının, məktəblərin və digər iş yerlərinin eyni vaxtda fəaliyyətə başlaması və iş gününün eyni saatda başa çatmasıdır.
"Həqiqətən də artıq Bakıda vəziyyət acınacaqlı hala gəlib. Nəqliyyatın, insanların hərəkətində həddən artıq sıxlıq yaranır, çox ciddi problemlərə səbəb olur. Burada digər fundamental səbəblərlə bağlı çıxış yollarından əlavə bir dənə də həllə kömək eləyən vasitə bu ola bilər. Kütləvi olaraq bütün iş yerləri, bütün təhsil müəssisələri, digər obyektlərdə iş eyni vaxtda başlayır və bitir. Burada nəqliyyatın üzərinə də çox ağır yük düşür, yollarda böyük tıxaclar yaranır, metrolarda, avtobuslarla hədsiz sıxlıq yaranır. Bu, artıq qarşısıalınmaz bir formaya gəlir. Aydın məsələdir ki, bu, yeganə çıxış yolu deyil. Bir neçə həll yollarından biridir. Paralel olaraq bu da həyata keçirilməlidir. Bunun mexanizminə gəldikdə, bir optimal yol üçün mütəxəssislər, ekspertlərin iştirakı ilə müvafiq dövlət orqanları bir mexanizm hazırlaya bilər. Məncə, iş saatları bir-iki saat sürüşdürülməlidir. Elə iş yerləri var ki, onun səhər tezdən başlaması məcburidir, eləsi də var ki, bir az gec də başlaya bilər. Müxtəlif xidmət sahələri, dövlət orqanları, təhsil müəssisələri var ki, onlarda vaxtın sürüşdürülməsi heç bir problem yarada bilməz. Belə bir formada tətbiq olunsa, təxminən bir-iki saat sürüşdürülmə baş versə, heç olmasa sərnişinlərin hərəkəti bir az paylaşılar, eyni vaxtda gərginlik düşməz. Bu, artıq hesablanmalıdır".
Ekspertin fikrincə, paytaxtdakı tikinti və məskunlaşma nəqliyyat problemlərini daha da ağırlaşdırır.
"Şəhərin əhalisi durmadan artır, çoxalır və 95 faizi bəlkə də eyni vaxtda işə gedir, işdən gəlirsə, heç bir nəqliyyat sistemi bunun öhdəsindən gələ bilməz. Amma təkcə bu məsələ vəziyyəti kökündən həll eləmir. Bu, sadəcə bir az vəziyyəti müvəqqəti olaraq yüngülləşdirir. Ona görə də paralel olaraq başqa tədbirlər görülməlidir. Onlar da məlumdur. Şəhərdə nəqliyyat infrastrukturunun inkişafı lazımdır. Yəni burada metro stansiyaların sayının artırılması, tramvay, trolleybus kimi sistemlərin bərpası, şəhər ətrafı elektrik qatarları sisteminin, hətta dəniz üzərindən katerlərin təşkilinə ehtiyac var. Bunun üçün regionların inkişafı lazımdır. Regionlara əlavə dəstək, güzəşt, insanların orada yaşayıb-işləməsinin imkanlarını artırmaq lazımdır. Bundan əlavə şəhərin tikintisində müəyyən normalar olmalıdır. Hansı ərazilərdə nəqliyyat axını nə qədərdir, orada nə qədər bina tikmək olar, yolları necə genişləndirmək olar? Şəhər bərabər əsasda sistemli inkişaf etməlidir, hansı ki, bəzi ərazilər hədsiz yüklənir", - deyə E.Bayramlı vurğuladı.
Türkan İSGƏNDƏRLİ