Dəyişkən iş qrafiki insanlara necə təsir edəcək? - AÇIQLAMA
Bakı və ətraf ərazilərdə nəqliyyat problemlərini həll etmək üçün 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramında iş qrafiki ilə bağlı dəyişiklər də ediləcək. Belə ki, dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq.
Bəs iş rejimi ilə bağlı dəyişikliklərin hansı üstünlükləri və çətinlikləri olacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında İnsan resursları üzrə mütəxəssis Sevda Quliyeva bildirdi ki, dəyişkən iş rejimi şəxsi həyata böyük faydalar verə bilər:
"Bildiyimiz kimi, müasir dövrdə artıq bütün beynəlxalq şirkətlər, həmçinin digər ölkələrdə də artıq distant qrafikinin tətbiq olunması şəraiti ilə bir çox əməkdaşlar artıq işlərini evdən idarə edə bilirlər. Bu, bizim yola sərf etdiyimiz, şəxsi həyatımıza və inkişafımıza sərf edə biləcəyimiz vaxta qənaətdir. Həmçinin yolda bildiyimiz kimi müəyyən bir vaxt çərçivəsində insanlar eyni vaxtda evdən-işə, işdən-evə gəlməsi bizim müəyyən mənada həm zamanımızı, həm enerjimizi çox apara bilir".
Qərarı rəğbətlə qarşılayan mütəxəssisin fikrincə, bu, işçilərin sosial rifahına müsbət təsir edəcək.
"Qeyd etmək istərdim ki, Prezident İlham Əliyevin Sərəncamı ilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin dəyişkən qrafikinin tətbiq olunması çox doğru və düzgün qərardır. O nöqteyi-nəzərdən mən bu qərarı çox yüksək qiymətləndirirəm. Bir çox əməkdaşların da sosial rifahına, şəxsi inkişafına, vaxtına və bir çox amillərə müsbət təsir edəcəkdir", - deyə Sevda Quliyeva qeyd etdi.
Türkan İSGƏNDƏRLİ