İctimai nəqliyyatda intervallar qısalacaq - AÇIQLAMA
Azərbaycanın Çinə məxsus olan "BYD COMPANY LİMİTED" şirkəti ilə əməkdaşlıq çərçivəsinə əsasən Sumqayıt Kimya Sənaye Parkında elektrik mühərrikli avtobusların istehsalına başlanılacaq.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, Azərbaycanda elektrik mühərrikli avtobusların istehsal olunması nəqliyyatın vəziyyətinə müsbət təsir göstərəcək:
"Çin Azərbaycan üçün elektrik mühərrikli avtobuslar artıq ixrac edib. Azərbaycan isə bu avtobusları ötən il ərzində idxal edib. 161 ədəd Çinin məşhur elektrik mühərrikli avtobusları bizim ölkəmizə gətirilib. Onlar artıq marşuruta buraxılıb. Bununla yanaşı həmin avtobusların Azərbaycanda zavodunun təməli qoyulub. Bu ilin sonuna qədər 200-250 ədəd yeni elektrik mühərrikli avtobusun istehsal olunması gözlənilir".
Ekspertin fikrincə, elektrik mühərrikli avtobusların ölkəmizdə istehsal olunmasından sonra biz artıq ictimai nəqliyyatı da, şəhərlərarası nəqliyyatı da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri ilə təmin edə biləcəyik.
"Bunun müsbət təsirləri ondan ibarətdir ki, nəqliyyat sayı artacaq, ictimai nəqliyyatda intervallar qısalacaq, vətəndaşlar mənzil başına daha tez çata biləcəklər. Təbii ki, avtobus sayı artırsa, bu, sərnişindaşımanın keyfiyyətini də artırır. Həmçinin bu avtobuslar ekoloji cəhətdən təhlükəsiz nəqliyyat vasitələri sayıldığına görə də, ekosistemin yaxşılaşdırılmasına da bu, yaxşı təsir edəcək", - deyə E.Cəfərov qeyd etdi.
Aytəkin TOFİQQIZI