Uşaqlar iradəcə zəif olduqlarından, bu oyunun təsirinə daha tez düşürlər - Psixoloq
![](https://img.redaktor.az/news/2025/02/photo_269944.webp?v=MDQ6NTkyMDI1LTAyLTEwIDE4OjE4OjI4)
Bir çox ölkələrdə oynalınan "Mavi balina" internet oyunudur. Oyunun xarakteri gəncləri cəlb edərək onlara yüngül işlər tapşırıb, sonda intihara sövq etməkdir. Son zamanlar bu hallar yenidən artıb.
Mövzu ilə bağlı Redaktor.az-danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, "Mavi balina" oyunu son dövrümüzün ən aktual olan məsələlərindən biridir. Onun sözlərinə görə, bu oyun neçə illərdir davam edir və təəssüflər olsun ki, hələ də öz aktuallığını qoruyur:
""Mavi balina" oyunu əslində qanuni olaraq yüklənilməyən bir oyundur. Bu oyun yükləndikdən sonra link göndərilir və uşaqlar bu linkə daxil olurlar. Deyilənlərə görə uşaqların bütün şəxsi məlumatlarının qarşı tərəfin əlinə keçmə ehtimalı var. Oyun zamanı uşaqlara qaydalar və qanunlar söylənilir. Tapşırıqlar verilir və kiçikdən böyükə doğru addımlayır. Bu tapşırıqlar böyüdükcə, iradə baxımından zəif olan uşaqlarımız həmin təsirin altına düşərək qayda-qanunları yerinə yetirməyə başlayırlar. Bu tapşırıqlar da uşaqlara özlərinə kəsici alətlərlə ziyan vurmaq kimi bir çox şey söylənir. Uşaqlar nəzarətdən kənar qaldıqları zamanlarda və yaxud valdeyinləri ilə araları yaxşı olmadıqda, dərsləri pis olduqda iradə cəhətdən zəif olduğlarından həmin dönəmlərdə özlərinə zərər verəcək həddə gəlib çatırlar. Əvvəlki zaman uşaqları indiki uşaqlardan daha iradəli idilər. Təəssüf ki, bu, indi belə deyil".
Psixoloq qeyd etdi ki, uşaqlar iradəcə zəif olduqlarından, oyun təsirinə daha tez düşürlər.
"Valdeynlər övladları ilə söhbət etməli, nəzarət etməli və onları başa salmalıdırlar. Əgər övladlarımız dostları ilə qaynaşmırlarsa, özlərinə qapalıdırlarsa, bunu hiss etdiyimiz zaman onlara daha ciddi nəzarət etməliyik. Onları uşaq həkiminə, psixoloqa, nevroloqa mütləq dərəcədə göstərməliyik. Uşaqlar daxili aləmlərində iradə zəifliyinə düçar olduğları zaman bu kimi oyunlara, şüuraltı manipulyasiyalara əsir qalaraq özlərinə zərər yetirə bilərlər", - deyə Nabat Mirzəyeva vurğuladı.
Aytəkin TOFİQQIZI