İnsanları rayonlara qaytarmağın yolları AÇIQLANDI: Türkiyə modeli, oliqarxların zəbt etdikləri torpaqlar...

Regionlarda işsizlik aktual mövzulardandır. İşsizlik isə regionda yaşayanların paytaxta axın etməsinə şərait yaradır. Bu isə Bakıda bir sıra problemlər yaradır.
Bəs regionlarda işsizlik probleminin həll yolları nələrdir? Regionlarda sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün daha hansı işlər görülməlidir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, regionlarda işsizlik məsələsi çox müzakirə olunan mövzulardan biridir. Onun sözlərinə görə, bu mövzu bir sıra sosial məsələlərlə bağlıdır:
"Regionlarda iş yerlərinin az olması, şəraitin gənclərin tələbatlarına uyğun olmayan səviyyədə olması, regiondan paytaxta axını sürətləndirir. Urbanizasiya buna səbəb olur, kütləvi şəhərləşmə prosesi gedir. Bunun həm ölkə, həm də paytaxt üçün ciddi fəsadları var. Paytaxtda əmək bazarında sıxlıq, yollarda tıxac əmələ gətirir. Bir çox digər sosial fəsadları da var. Regionlarda isə fərqli fəsadlar yaranır. Regionlarda insan sayı çox olur, regionlardan əhalinin paytaxta gəlməsi isə əhalinin durumuna təsir göstərir. Regionlarda sosial və iqtisadi göstəricilər aşağı düşür. Bu, ciddi problemdir və düşünürəm ki, bu problemin qarşısının alınması üçün əlavə tədbirlər görülməlidir. Düzdür, ölkədə 2004-cü ildən etibarən "Regionların sosial və iqtisadi inkişafı ilə bağlı” dövlət proqramı ölkə başçımız tərəfindən qəbul olunub. Çox maraqlı istiqamətlər göstərilib, həmin istiqamətlər üzrə işlər gedir. Ancaq görünür ki, bunlar hələ də regionda mövcud olan sosial və iqtisadi məsələlərin tam həllinə nail ola bilmirik".
Sosioloq qeyd etdi ki, regionlarda gənclərin yaş xüsusiyyətlərinə uyğun iş sahələri açılmalıdır:
"Mən bunun tərəfdarıyam. Kollektiv iş sahələri olduğu zaman insanlar regionlarda, bölgələrdə yaşayırlar. Sovet dövründə üzümçülük sovxozları və ya digər kollektiv iş sahələri mövcud idi. Burada insanlar həm də bir-birləri ilə sosial ünsiyyət ehtiyaclarını təmin edirdilər. İnsanlar arasındakı əhvali-ruhiyə onları regionda saxlayırdı. Şəhərə gəlmək onlar üçün maraqlı deyildi. Deməli, kollektiv iş sahələrinin açılması regionlara yaxşı təsir göstərər. Gənclərin regionda qalmaları üçün onların həm də mənəvi mühiti olmalıdır. Bu səbəbdən şəhər və kənd arasındakı fərqləri xeyli azaltmaq lazımdır. Həm infrastruktur baxımından, həm də gənclərin asudə vaxtını istifadə etməsi baxımından. Çox yaxşı olar ki, regiona mədəniyyət nümayəndələri mütamadi olaraq göndərilsin".
Ü.Şəfiyevin sözlərinə görə, kitabxana, elektron kitabxana təsis olunmalı, internet resursları tam əlçatan olmalıdır:
"Gənclərin kreativ bacarıqlarını inkişaf etdirmələri üçün mühit yaradılmalıdır. Regionlardakı "Gənclər evi"nin funksionallığını artırmaq lazımdır. Gənclərin regionlarda qalmasını təmin etmək üçün torpaq islahatı da keçirilməlidir. Çünki gənclər bir çox hallarda özləri üçün torpaq sahələri tapa bilmirlər, bu səbəbdən paytaxta üz tuturlar. Çox yaxşı olar ki, regionlarda gənclərə pay torpağı ayrılsın. Pay torpaqlarında mənzil tikmək üçün şəhərdən daha aşağı faizlə ipoteka kreditləri verilsin. Faizsiz kredit vermək də olar. Qardaş Türkiyədə bu ənənə mövcuddur. Faizsiz kreditlər verilir, 3-4 ildən sonra vətəndaşlar faizsiz krediti hissə-hissə ödəyirlər. Bu da öz sırasında gənclərin regionlarda qalması üçün təminat yarada bilər. Gənclər üçün kiçik və orta sahibkarlığın inkişafı proqramlarını regionlarda həyata keçirmək olar. Regionlarda olan icra məmurlarından hesabatlar tələb etmək lazımdır. Çox yaxşı olar ki, yerli icra məmurları paytaxtdan və respublikanın digər bölgələrindən investisiyaları cəlb etsin, gənclər üçün iş şəraiti yaradılsın. Həm onlara mənzil şəraiti, həm məşğulluq müəssisələri, həm də sosial xidmətlər təqdim edilsin", - deyə sosioloq vurğuladı.
Mövzu ilə bağlı danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Azərbaycan ərazisinin böyük hissəsi kənd təsərrüfatı yönümlü ərazilərdir. Onun sözlərinə görə, heyvandarlıq, balıqçılıq, meşə təsərrüfatı və digər sahələrlə məşğul olmaq daha əlverişlidir:
"Hesab edirəm ki, Azərbaycan hökumətinin əsas strategiyası ondan ibarət olmalıdır ki, əsas kənd təsərrüfatı inkişaf etdirilməlidir. Bu inkişaf istiqamətlər müəyyən edilərək həyata keçirilməlidir. Məsələn, ərzaq buğdası və pambıq - bu sahələrin heç birində uğur qazana bilmirik. Pambıq Azərbaycanda emal edilmir. Yalnız xam forma olaraq, emal edilmir. Emal o deməkdir ki, xammaldan məhsul hazırlansın. Pambıq yarımfabrikat formaya gətirilir. Onu satdığımız zaman Türkiyədən başqa heç kim almır".
Ekspert qeyd etdi ki, Azərbaycan keçən il xaricdən 4 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları idxal edib:
"İndi pambıq istehsal etməliyik, yoxsa kənd təsərrüfatı məhsulları? Həmçinin, kənd təsərrüfatı məhsullarını Azərbaycanda çox rahatlıqla istehsal etmək olur. Nəinki pambıq, taxıl kimi çətin yetişən bitkilər. Kənd təsərrüfatı ərzaqlarını ölkə daxilində istehsal etməyə yönəlsək, 4 milyard dollar ölkədə qalacaq. Biz bununla idxalı azaldıb, ixracı artırmış olacağıq. Bununla biz ölkənin xarici ticarətinə təsir göstərə bilərik. Ölkə daxilində valyutaya tələbatı azalda bilərik. Bölgələrdə iş yerləri aça bilərik. Orta hesabla, 15-20 min kənd təsərrüfatı ilə məşğul olan əhali üçün emal sexi açıla bilər. Biz emal sexi yaradırıq, məsələn, "Günəbaxan yağı çəkən" bir sex. Buranın ətrafındakı bölgələr günəbaxan yetişdirib satır həmin zavoda və zavod bu formada fəaliyyət göstərir. Həm əhalinin məşğuliyyəti artır, həm də ölkəyə idxal azalır, valyuta ölkənin daxilində qalır".
Həmsöhbətimizin sözlərinə görə, pambıq istehsalına başlayandan etibarən 1 il pambıq bizə iki yüz əlli milyon dollar valyuta gətirib:
"Hesab edirəm ki, bütün bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalı genişləndirilməlidir. Bunun üçün hökumət əlindən gələni etməlidir. Oliqarxlar var ki, torpaqları zəbt ediblər. Ürəkləri nə istəyirsə, əkməkdə sərbəstdirlər. Azərbaycanın tələbatını nəzərə almırlar. Bu torpaqlar sadə adamlara verilməlidir. Kənd təsərrüfatında özəl sektora vəsait qoyulmalıdır. Özəl sektorun inkişafına imkan yaradılmalıdır", - deyə A.Nəsirli bildirdi.
Aytəkin TOFİQQIZI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.
