Ev alarkən bu səhvləri etməyin - Ekspert AÇIQLADI

Hər bir insanın arzusudur ki, özünə məxsus evi olsun. Ev almaq isə elə də asan deyil. Buna səbəb həm maddi problem, həm də düzgün ev seçməyin çətinliyidir. Bəziləri evdən anlamadığı üçün, bəzilərinin isə ucuz aldıqları mənzillər onlara baha başa gələ bilir.
Bəs ev alarkən nələrə diqqət etmək lazımdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, daşınmaz əmlak bazarında mənzil alan şəxslər fərdi yaşayış evləri alıcıları və çoxmənzilli yaşayış binaları alıcıları olmaqla iki hissəyə bölünür:
"Hər bir ərazidə əraziyə uyğun bazar qiyməti formalaşır və əraziyə uyğun evlərin də qiymətləri o ərazinin torpaq sahəsinə uyğun hesablanır. Vətəndaş əgər hər hansı bir fərdi yaşayış evi alırsa, mütləq şəkildə çalışmalıdır ki, alacağı əmlakın çıxarışı olsun. Çıxarışında yaşayış məntəqələri təyinatlı torpaq olsun. Əksər hallarda vətəndaşlar çıxarışı olmayan fərdi həyət evləri alırlar ki, onların da çıxarışı olmadığına görə alqı-satqıları qanuni notarial formada aparıla bilmir və onlar bu əmlakları bir-birlərinə etibarnamə yolu ilə satırlar. Təbii ki, etibarnamə alqı-satqı predmeti deyil, o sadəcə bir şəxsin digər şəxsə onun əvəzinə etibar edərək hər hansı bir sənədləşmənin aparılması üçün verdiyi bir müvəqqəti sənəddir. O baxımdan vətəndaşlar maksimal dərəcədə sənədli ev almalı və əgər məcburən etibarnamə ilə alırlarsa, mütləq şəkildə etibarnamə ilə bərabər, həmçinin həmin əmlaka, həmin torpağa və tikiliyə dair sənədləri də qarşı tərəfdən tələb etməlidirlər.
Bundan başqa, əgər fərdi yaşayış evi alırlarsa, sənədləşmə ilə bərabər, həmçinin onun tikintinin keyfiyyətinə nəzarət etməli, vətəndaşın əgər tikinti ilə bağlı məlumatı yoxdursa, o sahədən kənar bir insandırsa, mütləq şəkildə peşəkar ustalara müraciət edərək evin tikintisinin keyfiyyəti ilə bağlı məlumat əldə edə bilər. İstənilən halda, istər fərdi, istər çoxmənzilli binadan mənzil alan şəxs əgər o mənzilin, əmlakın sənədləri tam qaydasında deyilsə, peşəkar hüquqşünaslara və yaxud istənilən notariat orqanına müraciət edərək onun sənədləşmə prosesində iştirak etməyini xahiş edə bilər".
Ekspertin sözlərinə görə, ev alan şəxslər ev alarkən bəzi nüanslara diqqət etməzsə, təhlükələr yarana bilər.
"Hazırda Bakı, Abşeronda 100 minlərlə çıxarış ala bilməyən fərdi evlər var. Onlara çıxarışların verilməməsinin müxtəlif səbəbləri var. Səbəblərdən biri də torpaqların təyinatı ilə bağlıdır və bundan əlavə vətəndaş hər hansı bir əmlak alarkən mütləq şəkildə qadağan olunmuş ərazilərdən kənar əmlak almalıdır. Əgər fərdi həyət evi alırsa, mütləq şəkildə həmin həyət evinin üstündən, önündən, arxasından yaxın məsafədən elektrik naqilləri keçməməlidir. Qaz, su, işıöın ümumi ana xətləriı belə evə yaxın ərazidə olmamalıdır. Çünki bütün kommunikasiya xətləri ilə bağlı neytral məsafələr qorunmalıdır. Abşeron ərazisində vulkanik dağlar var ki, onun ətrafında evlər alınmamalıdır.
Həmçinin çoxmənzilli yaşayış binalarında vətəndaş mənzil alırsa, notarial qaydada alqı-satqı aparılmalı və qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxmaları ilə bağlı notarial öhdəliyi olmalıdır. Əgər şəxsin alacağı mənzil yeni tikili binada çıxarışsız mənzildirsə, mütləq şəkildə bina ilə bağlı araşdırma aparmalı, hüquqşünas, vəkil və ya hər hansısa bir hüquq şirkətinə, ekspertlərə müraciət edərək bina ilə bağlı hər hansı bir məlumat əldə etməlidir", - deyə E.Fərzəliyev qeyd etdi.
Türkan İSGƏNDƏRLİ