"Kəndə qayıdış" adı altında dövlət proqramı qəbul olunmalıdır - TƏKLİF

"Əvvəllər sosialist respublika dövründə Azərbaycanda çox böyük bir sənaye infrastrukturu, böyük aqrar təsərrüfatlar sistemi yaradılmışdı. Bütün regionlarda, şəhərlərdə, qəsəbələrdə zavodlar, müəssisələr, fabriklər, kəndlərdə çoxlu sayda kolxoz, sovxoz və s. təsərrüfatlar var idi".
Bunu Redaktor.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirdi. Onun sözlərinə görə, sovet dövründən sonra artıq bütün bu sistem dağıldı:
"Bütün təsərrüfat sistemi dağıldı, fabrik və zavodların fəaliyyəti dayandı. İqtisadiyyat tamamilə sıradan çıxdı, biz yalnız neft sektorunun ümidinə qaldıq. Nəticədə şəhərlərə axın başladı, əsasən də Bakı şəhərinə axın gücləndi. Regionlarda yaşaya bilməyən, işləyə bilməyən insanlar Bakıya axışmağa başladı. Çünki yalnız Bakıda bir az da olsa bəzi müəssisələr qalmışdı, bir az da əlavə iş yerləri var idi, insanlar buralarda işləyirdilər və bu tendensiya 35 ildən çoxdur davam edir. 150-200 min əhalisi olan rayon üçün 1000-2000 iş yeri var. Bu baxımdan insanlar məcburdu ki, öz fəaliyyətini təmin etsin. Kəndlərdə təsərrüfatlarda da başqa problemlər var. Bir çox torpaqlar məhsuldar deyil, suvarma problemi var, məhsulu bazara çıxarmaqda maneələr var. Aqrar təsərrüfatlarda da gəlir əldə etmək 90 faiz hallarda mümkün olmur. Nəticədə isə insanlar ya xarici ölkələrə üz tutmalı, ya da daxili miqrasiya etməlidirlər. İnsanlar Bakı, Gəncə, Sumqayıt kimi şəhərlərə toplaşmalı olurlar. Bunun nəticəsində də regionlarda işsizlik artırır. Ölkə iqtisadiyyatının təxminən 2/3-i Bakıda formalaşır və regionların payı burada çox azdır".
Sosioloq qeyd etdi ki, əhalinin yerləşməsində disbalans yaranıb:
"Əvvəllər məsələn, regionlarda çox əhali yaşayırdı, indi hamısı Bakı-Abşeron zonasına gəldiyinə görə 10 milyon əhalinin 5 milyonu təkcə Bakıda olur. Bax, bu hər tərəfdən problem yaradır. Həm iqtisadi disbalans, həm demoqrafik disbalans, həm sosial disbalansdır, bu çox ciddi problemlər yaradır. Bunun nəticəsi özünü işsizlik problemi ilə bağlı, digər sosial məsələlərdə də göstərir. Yəni, artıq insanlar, tutaq ki, normal yaşamaq üçün ev ala bilmirlər, özlərinə bir iş tapa bilmirlər, bir çoxu hətta Bakıda tapanda belə, çox aşağı maaşla tapırlar, nəticədə ailə qura bilmirlər. Normal sağlam həyat şərtlərini təmin edə bilmirlər. Yaşayış üçün bu, artıq ciddi problem yaradır. Ona görə də ölkədə məşğulluq probleminin həlli üçün hökumət xüsusi böyük proqram həyata keçirməlidir".
Müsahibimizin sözlərinə görə, "Kəndə qayıdış" şərti adı altında böyük bir dövlət proqramı qəbul olunmalıdır:
"Regionlarda fəaliyyət göstərən insanlara hər cür şərait yaradılmalıdır. Kəndlərdə kimin ki, torpağı var, ona xüsusi dəstək olunmalıdır, maneələr aradan qaldırılmalıdır ki, əkin-biçinlə, heyvandarlıqla məşğul olunsun. Digər şəhərlərdə, qəsəbələrdə müəyyən istehsal müəssisələri təşkil olunmalıdır. Hansılar ki, bizdə xammalı var, pambıq, üzüm, tütün, barama və s. Meyvəçilik, tərəvəzçilik, müxtəlif sahələrdə emal sənayesi yaratmaq lazımdır. Bundan əlavə, insanların özünə də imkan vermək lazımdır ki, özləri də kiçik obyektlər, kiçik istehsal sexləri təşkil etsinlər. Bunun üçün özünü məşğulluq proqramı var, çox yaxşı proqramdır. Təəssüf ki, onun əhatə dairəsi, miqyası, maliyyəsi azdır. Mən elə hesab edirəm ki, bu proqramı ən azı 10 dəfə artırmaq lazımdır maliyyə imkanlarını, ancaq da regionlara vermək lazımdır ki, orada insanlar avadanlıqlar alsınlar, müəyyən dəstək alıb bir istehsal obyekti qursunlar və yaxud heyvanlar verilsin. Yəni, regionlarda iqtisadi aktivlik, əhalinin geri qayıtması prosesi həyata keçirilsin. Bundan əlavə, bir çox ölkələrin təcrübəsi var, məsələn, Rusiyada regionlara xüsusi güzəştlər tətbiq olunur, orada yaşayanlar az vergi verir, kommunal xidmətlər aşağı olur, bir çox dövlət xidmətlərində 50 faiz güzəşt olur və yaxud maaşlar bir az yüksək olur".
E.Bayramlı qeyd etdi ki, Bakıya gələnlər regionlarda şərait yaxşılaşsa, geri qayıdacaq:
"Bakıya gəlmiş 5 milyon adamın elə hesab edirəm ki, ən azı 2 milyonu regionlara geri qayıdacaq. Nəticədə ölkənin bərabər tərəfli inkişafı gedir, yəni bütün regionlarda istehsal, iqtisadiyyat, inkişaf qurulur. Əhali bərabər paylanır. Ölkə üzrə regionların payı iqtisadiyyatda artır. İqtisadiyyatda, dövlət büdcəsinin gəlirlərində, ölkənin məhsul bolluğu baş verir. İnsanların xərcləri azalır, məsələn, Bakıda tutaq ki, bir ailənin yaşaması üçün 1500-2000 manat lazımdırsa, regionda bunu bəzən 500-800 manatla da mümkündür. Ən azından iki dəfə aşağı gəlirlə də rahat yaşamaq olar. Yəni, elə bir sistem qurulmalıdır ki, bu ölkədə yaranmış bu sosial, iqtisadi şərtlər bərabər tarazlı şəkildə paylansın. Bütün biznes istehsalı, dövlət resursları hamısı Bakıda olmasın, regionlara paylansın. Bakıdan bir çox şeyləri regionlara köçürmək lazımdır. İri müəssisələr, istər sənaye müəssisələri olsun, istər təhsil müəssisələri olsun və s. Özəl universitetlərin hamısını, eləcə də dövlət universitetlərinin yarısını regionlara göndərmək lazımdır".
Sosioloq bildirdi ki, böyük zavodlar, fabriklər tikilirsə, onu regionlara yönəltmək lazımdır.
"Başqa dövlət orqanlarını ora köçürmək lazımdır, Kənd Təsərrüfatı Nazirliyi başda olmaqla 5-6 dövlət orqanını ora köçürmək olar. Belə olduqda iqtisadi aktivlik yaranır. Biz baxırıq ki, son dövrlərdə kəndlər boşalır, rayonlarda adam azalır, əksinə bir proses başlanmalıdır, biz artıq gecikmişik. Çünki, birtərəfli tendensiya gedir və dayanmır, fasiləsiz olaraq Bakıda vəziyyətin necə ağırlaşdığını görürük. Artıq şəhərin komunal infrastrukturu bu qədər əhalini ödəməyə yetmir. Regionlarda isə bomboş torpaqlar qalır, evlər boş qalır, belə bir hallar olmamalıdır, dövlət elə bir proqram həyata keçirməlidir ki, bərabər paylansın. Fiziki, coğrafi, iqlim cəhətdən götürsək, bizim regionlarımızın demək olar ki, 80 faizi daha gözəldir təbii cəhətdən. Daha münbit torpaqlar, meşələr, çaylar, göllər. Təbiət qoynunda yaşamaq, nəinki torpaqda, qumda, iqlimi sərt olan yerdə. İnsanlar üçün sağlamlıq, təbiət cəhətdən daha rahat olar, həm daha rahat gəlir əldə edə bilərlər, məhsul istehsal edər və ölkənin ixracdan asılılığı azalar"-deyə E.Bayramlı bildirdi.
Aytəkin TOFİQQIZI