Qarlı havada taksi qiyməti nəyə görə artır?

Qar yağandan sonra Bakıda taksilərin qiymətində artım müşahidə olunur. Vətəndaşlar isə bu haldan razı deyillər. Çünki bəzi ərazilərə avtobusla getmək mümkün deyil.
Bəs taksi qiymətlərinin qaldırılması nə dərəcədə doğrudur?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirdi ki, taksi qiymətləri dəyişən tarifdir:
"Taksi qiymətləri hər zaman eyni olmur, çünki müxtəlif şəraitlərə görə dəyişən tarifdir. Məsələn, qarlı və ya yağışlı havalarda insanlar şəxsi avtomobil sürməkdən çəkinir və taksiyə üstünlük verirlər. Bu zaman taksi tapanların sayı azalır, amma sifariş edənlər çoxalır. Nəticədə qiymətlər yüksəlir. Eyni hal səhər və axşam saatlarında da baş verir. İnsanlar işə getmək və ya evə qayıtmaq üçün daha çox taksidən istifadə edirlər. Bu da qiymətlərin artmasına səbəb olur".
Ekspertin fikrincə, qarlı havada taksidən istifadə etmək bəzi hallarda daha rahat və təhlükəsiz ola bilər.
"Təcrübəli sürücülər qarlı havada necə idarə etmək lazım olduğunu bilirlər. Təbii ki, bütün sürücülər qarlı havada yaxşı idarə etməyi bacarmır. Yol şəraitindən asılı olaraq bəzi hallarda ehtiyatlı olmaq lazımdır. Bundan əlavə, bəzi taksi şirkətləri qış təkərləri və təhlükəsizlik qaydalarına əməl edir. Həmçinin öz maşınını sürmək istəməyənlər və ya avtobus gözləmək istəməyənlər üçün daha əlverişlidir", - deyə E.Cəfərov qeyd etdi.
Türkan İSGƏNDƏRLİ