Bakıda mənzillərin kütləvi satışının səbəbi BİLİNDİ

 15:54 24.02.2025     128

Ekspertlər bildirir ki, daşınmaz əmlak bazarında daxili ipoteka ilə alınan mənzillərin kütləvi satışı müşahidə olunur. Hazırda elan saytlarında bu tipdə satışa təqdim olunan çox sayda mənzil mövcuddur.

Bəs mənzillərin kütləvi satışının əsas səbəbləri nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan əmlak eksperti Elnur Azadov bildirdi ki, mənzillərin kütləvi satışının əsas iki səbəbi var:

"Əvvəlki illərdə daşınmaz əmlakın kəskin bahalaşması nəticəsində bir çox vətəndaş tikinti şirkətlərinin daxili ipotekalarına müraciət etdilər. Ola bilər ki, bu vətəndaşların bəziləri aldanmış oldular, çünki belə ipoteka şərtləri olduqca sərtdir və faiz dərəcələri yüksəkdir. İstehlakçılar əsasən regionlardan olan şəxslərdir, eyni zamanda Rusiya Federasiyasından qayıdan Azərbaycan vətəndaşları da bu siyahıya aiddir. Zaman keçdikcə ödənişlərin icrası ilə bağlı bəzi vətəndaşlarda problemlər yaranıb və ya onlar özlərini aldanmış hiss ediblər. Bu səbəbdən həmin mənzillər satışa çıxarılıb. Bunlar mövzu ilə bağlı səbəblərdən birincisi idi".

Evlərin qiyməti niyə artır... - Səbəblər

İkinci səbəbə gəlincə, ekspert bildirdi ki, bir çox iş adamları tikinti şirkətlərindən mənzilləri minimal ilkin ödənişlə alırlar.

"İş adamları mənzilləri təmir edib, əşya ilə təmin etdikdən sonra isə satırlar. Hazırda həmin mənzillərin sayı bir kompleksdə çoxdur və birdən satışa çıxarılıb. Buna əsasən mənzillər arasında rəqabət müşahidə olunur. Hər iki amil hal-hazırda müşahidə edilir. Müəyyən bir zonada və ya yaşayış komplekslərində satışlar davam edir", - deyə E.Azadov qeyd etdi.

Aytəkin TOFİQQIZI