Yollara duzun əllə səpilməsi gülüncdür - AÇIQLAMA

 15:46 24.02.2025     100

Bakı şəhərinin qardan təmizlənməsində problemlər müşahidə olunur. Bakının ərazilərində yollara əllə duz səpilməsi həyata keçirilib. Sosial şəbəkələrdə bu haqda videolar paylaşılıb.

Əllə duzun səpilməsi avtomobillərin hərəkətini tənzimləyə bilir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirdi ki, qara görə əvvəlcədən, payızdan hazırlıqlar görülür, hər şeyin hazır olduğu və işlərin tamamlandığı bəyan edilir:

"Xüsusi olaraq şəhər icra strukturları, idarəetmə qurumları bunu bildirirlər. Amma təəssüf ki, çətin vəziyyət yarandığı zaman müşahidə olunur ki, hazırlıq demək olar ki, heç mövcud deyilmiş. Ümumiyyətlə, dünya praktikasında yollara yalnız duz səpilmir. Şəhərin ətrafında xüsusi anbarlar olmalıdır. Anbarlarda qum və duz qarışığı hazırlanmalıdır. Duz və qum qarışığının hazırlanmasında məqsəd nədir? Qum sürüşkənliyi aradan qaldırır, duz isə buzu əritmək gücünə malikdir.

Moskva, İstanbul kimi şəhərlərdə bu praktika tətbiq olunur. Çox təəssüf ki, biz Bakıda duzun əllə səpilməsini müşahidə edirik".

Ekspertin sözlərinə görə, duz-qum qarışığının yollara səpilməsi üçün inkişaf etmiş ölkələrdə xüsusi nəqliyyat vasitələri var:

"O nəqliyyat vasitələri qar yağandan dərhal sonra, xüsusi yollara buraxılır. Həmin duz-qum qarışığı mexanikləşdirilmiş formada yollara səpilir. Sonra isə digər nəqliyyat vasitələri hərəkət edir. Ola bilər ki, çətin relyef şəraitində insanlar əllə duz səpsinlər".

Avtobus parklarının yenilənməsinə çox ciddi ehtiyac var- EKSPERT

İ.Hüseynli qeyd etdi ki, Bakı kimi sadə bir relyefdə olan şəhərdə 21-ci əsrin ortalarında əllə duzun səpilməsi çox gülünc görünür.

"Əllə duzun səpilməsi az da olsa avtomobillərin hərəkətini tənzimləyir. Yolda buzlanmanın qarşısını alır, buzu əridir. Düzgünü odur ki, duzla qum qarışığı səpilməlidir. Ölkəmizdə yetərincə qum əldə edə bilərik. Naxçıvan kimi duz istehsal edən ərazimiz var. Həm qum, həm də duz Bakının içindədir. Bunları tədarük etməmək, duzun əllə səpilməsini əhaliyə göstərmək gülüncdür. Bunun qarşısı alınmalıdır. Sivil şəhər idarəetmə sisteminə qayıtmalıyıq. Avtomobilin yolu açıq olmalıdır ki, sürüşmə və qəzalar olmasın. Qum və duz qarışığı səpildikdə, bu həm sürüşmənin, həm də qəzaların qarşısını alır. Hərəkət az da olsa tənzimlənir", - deyə ekspert vurğuladı.

Aytəkin TOFİQQIZI