STM ilə Azərbaycan Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalandı - FOTO

Sosial Tədqiqatlar Mərkəzi ilə Azərbaycan Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Redaktor.az xəbər verir ki, memorandumu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva imzalayıblar. Sənədin əsas məqsədi tərəflər arasında elmi-tədqiqat işləri, birgə layihələr, təhsil proqramları, seminar və konfransların təşkili, həmçinin mütəxəssis hazırlığı sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.
Tərəflər razılaşma çərçivəsində qarşılıqlı təcrübə mübadiləsini, elmi nəşrlərin hazırlanmasını və s. sahədə birgə fəaliyyəti həyata keçirəcəklər.
Memorandumda Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi və bu sahədə qarşılıqlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur.İmzalanma mərasimində çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, ölkədə sosial iş sahəsində ixtisaslaşan əsas təhsil müəssisəsi kimi Azərbaycan Universiteti keyfiyyətli kadr hazırlığı ilə tanınır, eyni zamanda müasir sosial iş standartlarının təlim və tədqiqat prosesində tətbiqi məhz bu universitetin adı ilə bağlıdır.
O, daha sonra Azərbaycan Universitetini Beynəlxalq Sosial İşçilər Federasiyasına üzv olması münasibətilə təbrik edərək deyib ki, universitetin təsis etdiyi jurnalların beynəlxalq elmi indekslərdə uğurla irəliləməsinə dair təcrübə digər təhsil müəssisələri ilə də bölüşülməlidir.
Millət vəkili bildirib ki, Azərbaycan Universitetinin Sent-Luis Vaşinqton Universiteti (ABŞ), Sakarya Universiteti (Türkiyə) və Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) ilə birlikdə təşkil etdiyi "Social Work & Social Research" beynəlxalq konfransı elmi ictimaiyyətdə böyük təəssürat doğurmaqla yanaşı, birgə fəaliyyət üçün mühüm təcrübə qazandırıb.



