İmtahan günü stresdən qurtulmaq, zehni gücləndirmək üçün qidalar - Ekspertdən TÖVSİYƏ

 15:07 26.02.2025     123

İmtahan günü abituriyentlərin fiziki və ruhi cəhətdən ən yaxşı vəziyyətdə olmaları vacibdir. Zehinin düzgün işləməsi üçün lazımi enerjini və qida maddələrini təmin etmək lazımdır. 

Bəs imtahan günü abituriyentlər hansı qidaları qəbul etməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida eksperti Fərid Səfərov bildirdi ki, imtahanlar yaxınlaşdıqca şagirdlər, tələbələr, həmçinin valideynlər də həyəcan keçirir və narahat olurlar. O hesab edir ki, bu, başa düşülən bir haldır:

"Çəkilən əziyyətin qarşılığında imtahanlarda yaxşı nəticə əldə etmək üçün bir neçə məqama diqqət yetirmək lazımdır. Qidalanma vərdişlərinə xüsüsi diqqət etmək lazımdır. Sağlam və balanslı qida insanın sağlamlığına, yaddaşına və konsentrasiyasına çox müsbət təsir edir. Bol meyvə-tərəvəz yeyin, miqdarında su için. Süni şəkər, şirniyyat və un məhsulları, paketlənmiş hər cür qida və fast food-dan isə uzaq durmaq lazımdır. İmtahan günü səhər yeməyinizi mütləq yeyin. Süd məhsulları, yumurta, təzə meyvə-tərəvəz, bəkməz, bal, həddindən artıq olmamaq şərti ilə qoz, fındıq kimi yağlı toxumlardan ibarət səhər yeməyinə üstünlük verilə bilər. Zəngin zülal qaynağı kimi yumurta yeyərək daha tox qala bilərsiniz".

Ekspert qeyd etdi ki, imtahandan əvvəl öyrəşmədiyiniz qidalar, akademik performansı artıracağı düşünülən bəzi qida əlavələri, vitaminlər və ya qarışımları qətiyyən qəbul etməyin.

"Stresi azaltmağa kömək edən qidalar isə tam taxıl, yulaf kimi kompleks karbonhidrat sakitləşdirici təsirə malik olan serotonin səviyyələrini artıraraq qan təzyiqini tarazlaşdırır. Omeqa-3 ilə zəngin balıq və kətan toxumu yaxşı qida alternativi sayıla bilər, çünki beyində sağlam sinir hüceyrələrinin formalaşmasına kömək edir. Həddindən artıq çay, qəhvə və qazlı içkilər, duz istehlakından çəkinin. Normal yuxu rejimi yatmalısınız. Yaxşı yatmaq beynin daha yaxşı işləməsinə, yaddaşa və diqqətin güclənməsinə kömək edir", - deyə F.Səfərov vurğuladı.

Aytəkin TOFİQQIZI