"İnanmıram ki, bir qız bir oğlana elçi gedəcək cəsarətdə olsun" - Lalə Mehralı

Yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, qızlar da sevdikləri oğlanlar üçün elçi gedə bilərlər. O, hətta bunu normallaşdırmağın vacibliyini qeyd edib.
Ölkəmizdə cütlüklərin hər şeyi oğlandan gözlədiyini inkar etmək olmaz. Burada nəinki maddi, həm də mənəvi hislərdən də söhbət gedir.
Bəs ölkəmizdə qızların oğlanlara elçi getməsi mümkündr?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirdi ki, Azərbaycan cəmiyyətində qadınların bir oğlana elçi getməsi xarakterik deyil.
"Bizim cəmiyyət üçün xarakterik olmaz. Mental dəyərlər, milli düşüncə, ənənəvi düşüncə baxımından inanmıram ki, bir qız bir oğlana elçi gedəcək cəsarətdə olsun. Çünki oğlanlar qızdan "yox" cavabı alanda bunu fəlakətə çevirmirlər. Yəni "yox", "yox", olmadı. Amma qızlar təbiətləri baxımından hər hansı bir oğlana elçi gedib "yox" cavabı alsa, bunu qəbul edə bilməz. Yəqin ki, qadın xarakterinə uyğun olaraq rədd edilmək qadın üçün xoş olmaz. Ona görə də inanmıram bizim cəmiyyətdə belə iş olsun. Bəlkə dünyanın başqa ölkələrində var. Amma bizim cəmiyyət üçün xarakterik vəziyyət deyil", - deyə o qeyd etdi.
Qeyd edək ki, dünyanın bir çox ölkələsində, xüsusilə Qərb mədəniyyətində, qadınlar öz sevgi münasibətlərində daha aktiv və cəsarətlidir.
Türkan İSGƏNDƏRLİ