Azərbaycanda eşşək əti niyə yeməli ət hesab olunub? - Eyyub Hüseynov: "Ermənilər hazırlayıb"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı Yasamal rayonunun A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən məntəqələrdən birində mal əti adı altında satışa çıxarılan ətlərdən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində camış və at DNT-ləri aşkarlanıb.
Qeyd edək ki, ölkəmizdə bu kimi hallara çox rast gəlinir. Bəs bunun əsas səbəbləri və həll yolları nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur.
"İt, at, eşşək, pişik və sair hər növ ət satıla bilər. Bu, anormal haldır. Mütləq ənənəvi olmayan ətlərin satışına qadağa qoyulmalıdır. Bu mövzu ilə bağlı Nazirlər Kabinetinin və ya Qida Təhlükəsizlik Agentliyinin sənədi olmalıdır. Dövlət orqanları bildirirlər ki, sadəcə olaraq istehlakçını aldatmamaq üçün ətin üzərinə nə əti olduğu yazılmalıdır. Bundan böyük bir tələb, təəssüf ki, yoxdur. Bu boşluqdan istifadə edən satıcılar istədiklərini edirlər. Bəzən də at ətini, eşşək ətini mal ətinə qarışıq satırlar və sair".
Ekspert qeyd etdi ki, biznes qurumları üçün hökumət qeyri-adi bir toxunulmazlıq şəraiti yaradıb:
"Bu haldan isə sui-istifadə edilir. Qanunlarda boşluqlar var. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə nəşr olunub. Bütün SSRİ xalqları arasında təkcə Azərbaycanda eşşək əti yeməli ət hesab olunub, qiyməti və növləri qeyd olunub. Sonradan aşkar olundu ki, bu, ermənilər tərəfindən hazırlanıb. Hal-hazırkı vəziyyət ermənilərin dəyirmanına su tökən biz vəziyyətdir. Mütləq dəyişiklik olmalıdır".
Müsahibimizin sözlərinə görə, bu ətləri bir-birindən ayırmaq əhali üçün asan deyil:
"Məsələn, atın sümüksüz əti, mal ətinə qarışdırılıb satıla bilər. Hökumət hər şeyi biznes qurumlarının vicdanına buraxıb. İstehlakçıların bir hüququ da var, bu mal haqqında informasiya almaq hüququdur. Malların sənədləri olmalıdır. Lakin Azərbaycanın əmtəə bazarında satılan malların ümumilikdə götürsək, heç 80 faizinin sənədi yoxdur. İstehlakçı ət alanda sənədi tələb etsə, sənəddə at, it və sair ətdir yazılmayacaq. İstehlakçı bilməlidir ki, at əti qırmızı olur. Spesifik dad verir. Camış ətində qabırğalar xeyli enli olur. Rəngi isə nisbətən ağ olur. Camış əti əslində mal və dana ətindən üstün bir ətdir. Lakin ətin üzərində camış əti olduğu satıcı tərəfindən yazılmalıdır", - deyə Eyyub Hüseynov bildirdi.
Aytəkin TOFİQQIZI