Bu şəxslərə 1200 manat ödəniləcək - yeni qaydalar

 10:40 03.03.2025     202

"Nazirlər Kabineti “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi” Qaydasını təsdiq edib. Yeni sənəd rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını və şərtlərini müəyyən edir".

Redaktor.az xəbər verir ki, bu haqda deputat Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, sənədə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına 250 manat məbləğində aylıq pul kompensasiyası ödənilir:

"Qaydaya görə, rotasiya olunanla birgə yaşayan hər bir ailə üzvü üçün 125 manat ödəniləcək. Əmək Məcəlləsinə əsasən, işğaldan azad edilmiş ərazilərdə qulluq keçmək üçün rotasiya olunanlara ödənilən kompensasiyalara 1,5 əmsal tətbiq edilir. Yəni aylıq 375 manat ödənilir. Rotasiya olunanlara minimum aylıq əməkhaqqının 3 misli məbləğində, yəni 1200 manat birdəfəlik ödənişin verilməsi də nəzərdə tutulur. Bu vəsait köç və digər zəruri xərclərin ödənilməsi məqsədilə verilir.

Yeni qaydanı keyslər üzərindən izah edək: Birinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Bərdə rayonunda işini davam etdirir və ailəsinin 4 üzvü var. Bu zaman həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 625 manat (250 manat + 125 manat X 3) aylıq kompensasiya ödənilir. Bu kompensasiya maaşdan əlavə ödənilən vəsaitdir".

Deputat bir nümunə daha qeyd edib:

"İkinci halda, Sumqayıt şəhərində qeydiyyatda olan dövlət qulluqçusu rotasiya qaydasında Füzuli şəhərində, yəni işğaldan azad olunan ərazimizdə işini davam etdirirsə, bu halda həmin şəxsə 1200 manat birdəfəlik ödəniş və 937.5 manat (250 manat + 125 manat X 3 X 1.5) aylıq kompensasiya ödənilir. Bu kompensasiya da maaşdan əlavə ödənilən puldur.   Qeyd edim ki, kompensasiyaların verilməsində əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir".

Aytəkin TOFİQQIZI