Saxta boşanma halları ifşa olunmalıdır - AÇIQLAMA

 16:46 03.03.2025     210

"Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər".

Bu fikri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc bildirib.

Bəs millət vəkilinin sözlərində nə qədər həqiqət var? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Üzeyir Şəfiyev bildirdi ki, Aliment Fondunun yaradılması ilə bağlı təşəbbüs təsadüfi ideya deyil:

"Alimentlərin ödənilməsi ilə bağlı kifayət qədər problemlər var. Çünki bəzi valideynlər obyektiv və ya subyektiv səbəblərdən aliment ödəməkdən boyun qaçırmağa çalışırlar. Obyektiv səbəb odur ki, ola bilər şəxsin gəliri olmasın, bu səbəbdən aliment ödənişi edə bilməsin. Subyektiv isə bilərəkdən öz adında olan obyekti başqasının adına keçirir, gəlirini gizlədir və işsiz kimi qeydiyyatdan keçir ki, aliment ödəməsin. Ancaq belə "valideynlər" bilməlidirlər ki, aliment bir şəxsin digər şəxsə ödədiyi maddi ödəniş deyil. Bu, uşağın qidalanması, böyüməsi, inkişafı üçün lazımdır. Təsadüfi deyil ki, alimentin məbləği uşaqlar üçün yaşayış minimumu səviyyəsində müəyyən olunur".

Sosioloqun sözlərinə görə, aliment qadının kişiyə və ya kişinin qadına ödənişi kimi başa düşülməməlidir:

"Sırf uşaqların ehtiyacları üçün nəzərdə tutulmuş məbləğdir. Bu aliment bütün hallarda ödənilməlidir. Alimenti işsiz olduğu üçün şəxs ödəyə bilmədiyi hallarda alternativ Aliment Fondunun yaradılması təşəbbüsü ortaya çıxıb. Hazırkı halda işsizdirsə, aliment ödəyə bilmirsə, bu halda Aliment Fondu yaradılır və həm dövlət, həm də əlaqəli təşkilatlar tərəfindən maliyyələşdirilə bilər. Şəxs iş tapdıqdan sonra onun maaşının bir hissəsi Aliment Fonduna transfer olunacaq ki, fond tərəfindən uşaq üçün ödənmiş məbləğ kompensasiya olunsun. Sırf bu məqsədlə fikir irəli sürülüb".

Ü.Şəfiyev qeyd etdi ki, aliment tətbiqindən sonra müvafiq qurumlar və sosial agentliklər tərəfindən qiymətləndirmələr aparılmalıdır. 

"Saxta boşanma məsələsində düşünmürəm ki, Aliment Fondu yaradılsa, saxta boşanmaların sayı artacaq. Saxta boşanma halları varsa, həmin hallar ifşa olunmalıdır. Mövzu ictimailəşdirilməli, hətta hüquqi məsuliyyət də nəzərdə tutulmalıdır ki, saxta boşanmalar olmasın. Aliment mütləq ödənilməlidir. Aliment ödənişində saxta boşanmaya rəvac verən bir hal yoxdur. Güman edirəm ki, alimentlə bağlı nəzarət mexanizmi tətbiq olunacaq ki, saxta boşanmaların qarşısı alınsın. Bununla şəxslərin saxta boşanmalara üz tutma hallarının qarşısı alınacaq. Bu vəziyyəti bu formalarla tənzimləmək mümkündür", -deyə sosioloq vurğuladı.

Aytəkin TOFİQQIZI