"Allah bu orucu qəbul etmir" - Dietoloqdan çox vacib MƏSLƏHƏTLƏR

 17:46 03.03.2025     277

Ramazan ayı İslam dinində ən müqəddəs və fəzilətli aylardan biridir. Müqəddəs Ramazan ayında oruc tutmaq müsəlmanlar üçün vacib ibatət hesab olunur.

Bəs orucluq zamanı hansı qidaların qəbulu lazımdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan dietoloq Ləman Süleymanova bildirdi ki, Ramazan ayının insan orqanizminə düzgün oruc tutanlar, qaydalara riayət edənlər üçün çox müsbət təsirləri var.

"Çox təəssüflər olsun ki, düzgün formada oruc tutmayan, qaydalara riayət etməyən insanlarda bir sıra problemlər müşahidə olunur. Tibb elmi ilə din çox yaxındır. Bunu əyani şəkildə Ramazan ayının qaydaları sübut edir. Dini və tibbi nöqteyi-nəzərdən müəyyən nüansları nəzərinizə çatdırmaq istəyirəm ki, sübh namazından öncə, səhər tezdən durulur, imsaq edilir. Həmin gün iftara qədər insan orqanizmi ac qalır. Nə su, nə də bir qida istifadə olunur. Axşam isə iftar açılır. Tibbi baxımdan imsaq çox vacibdir. Dini baxımdan Allah buyurub ki, necə ki, sübh namazı qılırıq, elə də imsaq etməliyik. İmsaq insan orqanizmi üçün çox vacibdir. Çünki səhər tezdən durmalıyıq. Ümumiyyətlə, hər zaman səhər yeməyi yeyilməlidir ki, insan gümrah olsun".

Dietoloqun sözlərinə görə, imsaqda elə qidalar olmalıdır ki, gün ərzində suya tələbatı azaltsın:

"Səhər menyusunda enerjili qidalara üstünlük verməliyik. İlk öncə ac qarına təmiz su, maye qəbul etmək lazımdır. Yumurta mütləq vacibdir. Pendir və başqa duzlu qidaları mümkün qədər menyudan çıxarmaq lazımdır. Çünki bu qidalar suya tələbatı artırır. Pendir xoşlayırsınızsa, dietik kəsmik, duzsuz pendir yeyə bilərsiniz. Tərəvəz qəbul oluna bilər, çünki gündəlik su tələbatının qarşılanmasını həyata keçirir. Qaydalara düzgün əməl etdikdə gün ərzində insan susamır.

İftar zamanı gün ərzində orqanizm ac qaldığı üçün çox yeməyə üstünlük verilir. Bu isə düzgün deyil. Sulu və quru yeməklərdən hərəsindən bir çeşid yeyilməlidir. Boyat çörək, tərəvəzlər yeyilməlidir. Xurma ilə su çox gözəl düşünülüb. Xurmanın tərkibində həm şəkər, həm bitki lifi var. Bununla sonra yeyilən yeməklər daha rahat həzm olunacaq. Gün ərzində orqanizm ac qaldığı üçün birdən-birə yağlı yemək olmaz. Xurmadan sonra yavaş-yavaş sulu yemək, sonra isə quru yemək yeyilir. Qarın doymamış formada masadan qalxmaq lazımdır. Həm dini nöqteyi-nəzərdən Allah bunu sevir, həm də tibbi baxımdan orqanizminiz inciməyəcək. Yarım saat sonra bitki çayı içib kifayətlənmək lazımdır.

Müəyyən insanlar var ki, səhər imsaq etmir, bütün günü yatır. İftara 5 dəqiqə qalmış isə oyanır. Süfrə bolluca doldurulur və şəxs səhərə qədər yeyir. Bu, yolverilməzdir. Allah bu orucu qəbul etmir. Tibb baxımından isə imsaq vacibdir. Adi günlərdə də səhər yeməyi vacibdir. Statistikaya əsasən səhər yeməyi yeməyən insanların 99 faizi mədə-bağırsaq xəstəlikləri, şəkərli diabet, təzyiq və müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Çünki onlar düzgün həyat tərzi sürmürlər. Bir ay müddətində imsaq etmədən, ancaq iftarda bolluca yeyib oruc tutan zaman müxtəlif xəstəliklər ortaya çıxa bilər. Bəzən pasiyentlər müraciət edirlər ki, orucluqdan sonra hansısa xəstəlik meydana gəlib. Ortaya çıxır ki, oruc düzgün tutulmayıb. Xüsusilə şəkər xəstələri ehtiyatlı olmalıdırlar. Mütəxəssis kimi məsləhət görürəm ki, həm dini, həm tibbi baxımdan düzgün oruc tutun. İmsaqda 3 gün yağ, yumurta, duzsuz pendir yanında tərəvəzlərlə qidalanın. İlk öncə isə su için. 2 gün yulaf, herkules, daha yüngül qidalar, əlavə meyvə yeyilə bilər. Bunlara əməl etdikdə insan özünü gün boyu çox rahat hiss edir".

L.Süleymanova qeyd etdi ki, iftar zamanı tələsik formada yemək qəbul etmək olmaz.

"Müxtəlif çeşid qidalar yemək düzgün deyil. Bu məsləhətləri dinləsəniz, həm Allah orucu qəbul edər, həm də orqanizminiz sevinər. Ramazan ayı boyunca pasiyentlərə tərtib etdiyim qida proqramı ilə qidalandıqda çox rahat olurlar. 15 yaşına qədər uşaqlara oruc tutmaq qəti qadağandır. Uşaq orqanizmi çox həssasdır. Uşaqlar gün ərzində məktəblə əlaqəli kifayət qədər yüklənirlər. Bu, uşaqlara psixoloji baxımdan mənfi təsir göstərə bilər. Hamilə və südvermə dövründə olan xanımlara oruc tutmaq məsləhət deyil. Arterial təzyiqi yüksək olan, şəkərli diabet, ürək-damar xəstəliyindən əziyyət çəkən insanlara ümumiyyətlə oruc tutmaq qadağandır", - deyə dietoloq bildirdi.

Aytəkin TOFİQQIZI