"Qadınlar rahat həyat arzusunda olduqları üçün boşanmaq istəyirlər" - Lalə Mehralı

Deputat Razi Nurullayev ötən gün İnsan hüquqları üzrə Müvəkkilinin 2024-cü il üzrə məruzəsinin müzakirəsi zamanı qeyd edib ki, "bəzən boşanmalara səbəb qadınların daha çox sərbəst qalmaq istəməsidir".
Qeyd edək ki, millət vəkilinin bu fikri müzakirələrə səbəb olub.
Bəs son zamanlar artan boşanma hallarının səbəbkarı doğrudanmı qadınlardır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan sosioloq Lalə Mehralı bildirdi ki, qadınlar rahat həyat arzusunda olduqları üçün boşanmaq istəyirlər.
"Onların beynini feminizm düşüncələri ilə yuyublar. Elə düşünürlər ki, boşanandan sonra həyat çox gözəl olacaq. Bəzi qadınlar isə ölməmək, həyatlarını sığortalamaq üçün boşanmaq məcburiyyətində qalırlar. Bu halda boşanma yeganə xilas yoludur. Sərbəst qalmaq üçün boşanmaq fikrini bütün qadınlara şamil etmək lazım deyil. Bəzən qadınların boşanmaqdan başqa çarəsi qalmadığı üçün boşanırlar. Bəzən isə qadınlar heç bir səbəb olmadan boşana bilirlər. Bu kimi hallar bu gün cəmiyyətimizdə var. Ən böyük problem odur ki, qadınlar azadlıqla başıpozuqluq arasında get-gəl edirlər. Əslində azadlığın nə olduğunu anlamayan, azadlığın başıpozuqluq olduğunu düşünən insanların sayı cəmiyyətdə artıb", - deyə o qeyd etdi.
Sosioloqun sözlərinə görə, insanlara “azad qadın”, “qadın azadlığı” deyərək bizim cəmiyyətə xas olan ənənəvi ailə modelini dağıdıblar:
"Möhkəm ailəsi olan cəmiyyət, möhkəm ailələrin üzərində təşəkkül tapmış dövlət hər zaman sarsılmaz dövlət kimi qəbul olunur. Bir dövləti parçalamağa onun təməlindəki möhkəm ailələri dağıtmaqla başlayırlar. Əgər ailələrin təməli möhkəmdirsə, bu o deməkdir ki, cəmiyyətin təməli möhkəmdir. Cəmiyyət möhkəmdirsə, dövlət o möhkəm cəmiyyətin üzərində təşəkkül tapır. Bu səbəbdən ailələrin boşanma vəziyyətini elə-belə hal kimi qəbul etmək lazım deyil. Ailələrin boşanması bir dövlətin, cəmiyyətin təhlükədə olması deməkdir".
L.Mehralı bildirdi ki, Razi Nurullayevin demək istədiklərini insanlar düzgün başa düşməyib.
"Qınaq rəyləri çoxdur. Razi bəy sadəcə boşanmada qadınların daha aktiv olduğunu demək istəyir. Bu isə yalan deyil. İstənilən vəkildən bu haqda rəy soruşsaq, həmin vəkil eyni şeyləri deyəcək. Boşanma məsələlərində daha çox qadınlar maraqlıdır. Təbii ki, bir çox hallarda uşaqların ixtiyarı qadınlara verilir. Buna görə ata tərəfindən aliment verilir. Aliment miqdarı bəzi hallarda arta və ya azala bilər. Bununla bağlı da narahatlıqlar var. Qadınların alimentə arxayın olub ailəsini dağıtma meyli bəzi hallarda doğrudur.
Bəzən evlilik davam etsə, qadın ya döyülür, ya söyülür, ya da öldürülür. Öldürülmək ehtimalına qarşı bəzi qadınlar boşanmalı olur. Amma bəzən də çox adi səbəblərdən, havadan-sudan qadınlarımız boşanır. Bu səbəbdən Razi bəyin dediklərini qəribçiliyə salmaq lazım deyil. Qadınlar boşanmağa daha meyilli olurlar. Bu problemlərin həllində qadınların niyə boşanmaq istəməsi, istəyin səbəbləri araşdırılmalıdır. Cəmiyyət də tənəzzül gedir. Hər iki ailədən biri dağılır. Deputatın nə demək istədiyini insanlar yaxşı analiz etsələr, nəticəni özləri görəcəklər", - deyə sosioloq vurğuladı.
Aytəkin TOFİQQIZI