Siqaretin bahalaşmasının əsas səbəbi daxili faktordur - AÇIQLAMA

Azərbaycanda bəzi siqaret markaları ötən gündən 20 qəpik bahalaşıb.
Bahalaşmanın əsas səbəbləri nələrdir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Xalid Kərimli bildirdi ki, 2025-ci ildən tütün istehsalçılarına yeni rüsum tətbiq edilməyib. Lakin onun sözlərinə görə, ümumi bizneslə əlaqəli xərclər artıb:
"Minimal əməkhaqqı artırılıb, kommunal xərclər, enerji qiymətləri artırılıb. Bunların hamısı siqaret satışı ilə məşğul olanların da xərcini artırır. Ölkədə ümumi inflyasiya var, yanvarın 1-dən minimal əməkhaqqı artırılıb. Bunların hər biri sahibkarların xərclərini artırır. Bu isə nəticə olaraq qiymətin artmasına gətirib çıxarır.
Enerji xərcləri keçən ilin ikinci yarısından artırılıb. Artırılan qiymətlər yeni bazar qiymətləridir. Kommunal xidmətlərin bahalaşması parniklərin, istixanaların məhsullarının bahalaşmasına səbəb olur. Qazın, işığın qiyməti artıb. Bunlar ərzaq qiymətlərinin bahalaşmasına da birbaşa təsir göstərir".
İqtisadçı qeyd etdi ki, bahalaşmanın əsas səbəbləri daxili faktorlardır, xaricdən idxalla əlaqəli məsələlər deyil.
"Hökumət keçən il benzinin, neftin, dizelin qiymətini qaldırdı. Kredit faizlərinin qiyməti Mərkəzi Bank tərəfindən qaldırılıb. Siqaretlərin qiymətinin düşmə ehtimalı çox azdır. Demək olmaz ki, yoxdur, amma çox azdır. Hazırkı qiymət artımı ümumi rüsum artımı deyil. Hansısa şirkətlər qiyməti artırıb. Tutalım, şirkət məhsul gətirir və o məhsulun qiymətini hesabata uyğun qaldırır. Siqaretlərin hamısının yox, bəzilərinin qiymətinin qalxma səbəbi budur. Məhsulların hamısının qiyməti o zaman qalxır ki, aksiz vergisi qaldırılır. Hal-hazırkı qiymət artımı dövlət tərəfindən yox, sahibkar tərəfindən müəyyənləşdirilib", - deyə X.Kərimli bildirdi.
Aytəkin TOFİQQIZI