"Ölkənin ən tanınmış şadlıq evində bunlar baş verirsə, görün, digərlərində nələr baş verir" - Eyyub Hüseynov

 15:21 06.03.2025     187

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakının Nizami rayonu, Babək prospekti 76 ünvanında yerləşən “Sərin” şadlıq evində mənşəyi məlum olmayan məhsullar aşkarlayıb.

Bəs mənşəyi məlum olmayan məhsullar şadlıq saraylarına niyə "ayaq açır", bunun səbəbləri və həll yolları nələrdir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bu kimi halların mövcudluğunun səbəbi hökumətin istehlakçı siyasətindən qaynaqlanır.

Onun sözlərinə görə, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun 1995-ci ildə qəbul olunub:

"O vaxtdan qanun dəyişməyib. Təəssüflər olsun ki, bu ilin 3 martında Milli Məclisdə Ombudsmanın illik hesabatında, 101 səhifəlik sənəddə, bir dəfə də olsun, "istehlakçı" sözünün adı çəkilməmişdir. Bu barədə çıxışım zamanı öz iradlarımı bildirdim. İstehlakçı hüquqları məsələsi tam arxa plandadır. Hökumət biznes qurumları üçün bir toxunulmazlıq şəraiti yaradıb. Bundan isə sui-istifadə edilir. AQTA-nın əsasnaməsində mütləq dəyişiklik olunmalıdır. AQTA xəbərdarlıq etmədən, cəld yoxlama imkanlarına malik olmalıdır. Hazırkı yoxlama rejimi bürokratikdir. Öncədən yoxlama haqqında məlumat verilir. Bu məsələ ölkədə həll olunmalıdır".

Müsahibimizin sözlərinə görə, AQTA-nın istədiyi vaxt yoxlama keçirmədiyi, ictimai nəzarətin zəif olduğu şəraitdə biznes qurumları bundan sui-istifadə edir.

"Ölkənin ən tanınmış və bahalı şadlıq evlərindən birində bunlar baş verirsə, görün, digərlərində nələr baş verir. Bu hallar Azad İstehlakçılar Birliyini çox düşündürür və qayğılandırır. Buna görə Ombudsmanın hesabatı keçirilən gün özüm də çıxış etdim. İstehlakçı siyasətinin bərbad vəziyyətdə olduğunu bildirdim", - deyə E.Hüseynov əlavə etdi.

Aytəkin TOFİQQIZI