"Ana olmaq hər qadının, ata olmaq isə hər kişinin haqqı deyil" - Psixoloq

"Biz valideyn olaraq, düşüncə baxımından yetişmədiyimiz zaman valideyn olmağımız doğru deyil. Düşüncə baxımından keçmişdə yaşadıqlarımızı övladımıza ötürəcəyiksə, həyatımızda yaşanan bütün problemlərin səbəbi kimi övladımızı görəcəyiksə, bu o deməkdir ki, valideyn olaraq yetişməmişik".
Bu fikirləri Redaktor.az-a psixoloq Nabat Mirzəyeva uşaqlara qarşı şiddət mövzusunu şərh edərkən bildirdi.
Onun fikrincə, dünyada bir çox qadın analıq testindən keçdikdən sonra ana olarsa, daha yaxşı olar:
"Yəni hamiləlikdən öncə analıq testi keçsin. Çünki ana olmaq hər bir qadının, ata olmaq isə hər bir kişinin haqqı deyil. Valideyn olmaq yeni bir fərdin dünyaya gəlməsi və həyata uyğunlaşmasında böyük rol oynayır. Analar, yaşlarının böyük olmasına baxmayaraq, keçmişdə yaşadıqları problemləri, öz analarından, atalarından, bacılarından gördükləri çətinlikləri övladlarının üzərinə ötürərək, həyatdan acıqlarını çıxırlar. Əslində bunu bilərək etmirlər. Bizim düşüncəmizdə gizlin yatan bir “biz” var. Bizim mənliyimiz, gizliliyimiz övladımıza qarşı "bunu da mənə etmişdilər” düşüncəsinə qapılaraq, eyni şeyləri övladımıza yaşadırıq.
Bir valideyn, bir ana, yaşadığı hər hansı səhvə görə övladına əziyyət verə və onu incidə bilər. Valideyn istəmədən düşünür ki, “mən də uşaq olmuşam, mənim valideynlərim hansısa şeyə icazə verməyib, mən də övladıma icazə verməyəcəyəm.” Beləliklə, valideyn övladına qarşı şiddət göstərməyə başlayır. Bəzən də həyatda yaşadıqlarının problemi kimi övladını görür. Analarımızın çoxu xoşbəxt olmadıqları üçün yaşadıqları acıların əvəzini sağlamlıqdan kənar şəkildə övladlarından çıxarırlar. Bu isə sözsüz ki, bir ananın sağlam psixologiyaya malik olmaması deməkdir".
Psixoloq qeyd etdi ki, əgər bir valideyn sağlam psixologiyaya sahibdirsə, fikirlərini söyləyir və ya övladını tənbeh edir.
"Amma bunların heç biri uşağa hər gün şiddət göstərilməsinə gətirib çıxarmamalıdır. Biz övladımıza sevgi, dəyər və diqqət göstərməliyik. Bəzən onları tənbeh edib fikirlərimizi bildirə bilərik. Övladımızın bizi eşitməsi üçün fikirlərimizi söyləyə bilərik, amma fiziki şiddət düzgün deyil. Bu, uşaqlarda psixoloji problemlər yaradır.
Bu dövr təkrarlanacaq. Ananın övladına yaşatdığını övlad da gələcəkdə öz övladına yaşadacaq. Ola bilər ki, uşaq gələcəkdə heyvanlara qarşı aqressiv olacaq, insanlara qarşı inamını itirəcək. Bu, uşaqları pis yollara belə sala bilər. Biz övladımıza nə yaşadırıqsa, övlad da yaşadıqlarında yoğrulur. Uşaq böyüdükcə düşüncələri dəyişərsə, valideynlərinin ona yaşatdıqlarını heç kimə yaşatmayacaq. Təəssüf ki, bunu hər gənc bacarmır. Uşaq valideyndən nə alırsa, həyata da onu ötürür. Heç bir valideyn yaşatdığı fiziki şiddət zamanı unutmamalıdır ki, övladları da onları həyata ötürəcək", - deyə N.Mirzəyeva bildirdi.
Aytəkin TOFİQQIZI