Restoranlarda yemək yeyərkən diqqətli olun - ÇAĞIRIŞ

"Təəsüf ki, tez-tez qida istehsalı, satışı ilə məşğul olan müəssisələrdə, restoranlarda sanitar-gigiyenik normaların pozulması halları ilə qarşılaşırıq. Bu, olduqca ciddi problemdir, insanların sağlamlığı və həyatı üçün təhlükəli haldır. Nəticədə qida zəhərlənməsi və ölüm halları baş verir".
Bu fikirləri Redaktor.az-a qida eksperti Fərid Səfərov qidaların düzgün saxlanılma mövzusunu şərh edərkən bildirdi.
Onun sözlərinə görə, qida məhsullarına müxtəlif çirkləndiricilərin sirayət etməsi ilkin istehsaldan istehlakçıya çatdırılana qədər qida zəncirinin müxtəlif mərhələlərində baş verə bilər:
"Mikroorqanizmlər qida məhsullarında 5°C - 60°C temperatur aralığında çoxalıb yayıldığından bu interval “təhlükəli zona” adlandırılır. Temperatur düzgün tənzim olunmazsa ilk növbədə tez xarab olan ət və ət məhsulları, süd və süd məhsulları, kremli, qənnadı məmulatlar və digər qidalar xarab olur".
Ekspert qeyd etdi ki, heyvan mənşəli qidalar, xüsusilə balıq məhsullarının bişirilməsi və saxlanılması prosesində müvafiq temperatur rejimi və rütubət nəzərə alınmalıdır.
"Digər bir məsələ isə mənşəyi məlum olmayan məhsullardan istifadə olunmasıdır, bu da sağlamlıq üçün çox təhlükəlidir. Bu cür halların qarşısını almaq üçün ciddi nəzarət olmalıdır.
İstehlakçılar da restoranlarda yemək yeyərkən, məhsul alarkən mütləq diqqətli olmalıdırlar. Aldıqları məhsulun saxlanma şəraiti, məhsulun hansı xammaldan istehsal olunduğu, mənşəyi haqqında müəyyən qədər məlumatlı olmaq həyat qurtarar", - deyə F.Səfərov bildirdi.
Aytəkin TOFİQQIZI