Azərbaycanda eşşək fermasını buna görə yaratmaq istəyirlərmiş - Eyyub Hüseynov AÇIQLADI

Körpələr yeni doğulduqdan sonra valdeynlər tərəfindən qidalanmanın təmin edilməsi üçün körpə qidaları alınır. Lakin son illərdə bu məhsulların qiymətində ciddi artım müşahidə olunur.
Bəs qiymət artımı əsasən nə ilə bağlıdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycan yeganə ölkələrdən biridir ki, uşaq dünyaya gələn kimi uşağa ilk olaraq süni qida verilir:
"Bu ayın əvvəlində UNICEF - Beynəlxalq Uşaq Fondu Azərbaycanda böyük, 3 günlük yığıncaq keçirdi. Azad İstehlakçılar Birliyi Beynəlxalq Ana Südü ilə Əmizdirmə Təşkilatının üzvüdür. Özüm də tədbirdə çıxış etdim və bir neçə məsələ təhlil edildi. Hələ 8 il əvvəlki çıxışlarımda qeyd olunurdu ki, Azərbaycanda ana südü ilə əmizdirmə faizi 44-45 faiz arasındadır. Lakin ölkənin baş pediatrının çıxışı göstərdi ki, bu rəqəm 28 faizə düşüb. Ana südü ilə əmizdirmə faizi aşağı düşdükcə, əlbəttə, körpə qidalarına tələb artır və qiymət qalxır. Hal-hazırda bir qutusu 120 manat olan uşaq yeməkləri var. Getdikcə ana südü ilə əmizdirməkdən uzaqlaşma gedir. Dünyada ana südü ilə əmizdirmə faizinə görə birinci yerdə Hindistandır".
Müsahibimiz qeyd etdi ki, bu hallar pediatrların mənfur hərəkətlərindən əmələ gəlir.
"2001-ci ildə erkən yaşda körpələrin qidalandırılmasına dair qanun qəbul olunub. Bu qanunda körpə qida distributorları ilə pediatrların sponsorluğu qadağan olunub. Lakin biz pediatrları hər yerdə görürük. Azərbaycan yeganə ölkələrdən biridir ki, uşaq dünyaya gələn kimi uşağa ilk süni qida verilir. Bunu isə pediatrlar edir. Uşaq süni qidanı qəbul etdikdən sonra, anaya yaxın durmur. Beynəlxalq normalara görə, uşaq ananın sinəsi üzərinə qoyulmalıdır. Uşaq ağlayanda ananın ağlına ilk süd gəlməlidir ki, uşağım acdır. Beynəlxalq qaydalara əsasən, körpə qidaları anaların gözü görən yerdə, açıq satılmamalıdır. Amma Azərbaycanda satış açıq formada həyata keçirilir. Belə bir vəziyyətdə körpə qidalarına üstünlük verilməsi qiyməti artırır. Təəssüf ki, Azad İstehlakçılar Birliyi pediatrlarla körpə qida disturbuterlərinin əlaqəsini kəsə bilmir. Pediatrların və körpə qida distributorlarının izini biz doğum evlərində əyani görə bilərik. Onlar sponsorluqla körpə güşələri yaradıblar. Təəssüf ki, bu işlər gizli formada həyata keçirilir. Pediatrlara verilən pullar körpə qidalarının üzərinə gəlir".
E.Hüseynov qeyd etdi ki, bu hal Azad İstehlakçılar Birliyini çox narahat edir.
"Azad İstehlakçılar Birliyini çalışır ki, UNICEF ilə daha əlaqəli fəaliyyət göstərsin. Bu ölkədə ana südü ilə qidalanma faizini artırmaq lazımdır. Ana südü ilə qidalanmama elə bir hala gəlib çatıb ki, 4 il bundan əvvəl Azərbaycanda eşşək ferması yaratmaq fikrində idilər. Təbliğat aparılırdı ki, güya eşşək südü ana südünü əvəz edir. Azad İstehlakçılar Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə birgə çalışaraq, eşşək fermasının açılmasının qarşısını aldılar. Bu, yolverilməzdir. Analar körpələrini ana südü ilə əmizdirməlidir. 6 ay müddətində su verməyə ehtiyac yoxdur. Beynəlxalq kodeksdə göstərilir ki, ana bətnində bioistehsal elə gedir ki, yay aylarında süd durulaşır, su artır. Hətta yay aylarında belə körpələrə su verməmək olar",- deyə müsahibimiz bildirdi.
Aytəkin TOFİQQIZI